"Milli platforma yaratmalıyıq" - Fazil Mustafa
Uşaqların sosial şəbəkələrdə və rəqəmsal platformalarda təhlükəsizliyinin təmin olunması son dövrlərdə ən çox müzakirə edilən məsələlərdən biridir. Bu mövzu ötən həftə Mətbuat Şurasının təşkil etdiyi tədbirdə də diqqət mərkəzində olub. Müzakirələr zamanı bildirilib ki, uşaqlar müxtəlif beynəlxalq platformalar vasitəsilə rus, ingilis və türk dillərini öyrənirlər. Bu fonda Azərbaycan dilinin təbliği və öyrədilməsi məqsədilə milli rəqəmsal platformaların yaradılması təklifi irəli sürülüb. Qeyd olunub ki, elə bir milli platformalar yaratmalıyıq ki, hətta Türkiyədə yaşayanlar Azərbaycan dilini öyrənsin.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa belə təşəbbüsün vacibliyini vurğuladı.
"Əlbəttə, milli platforma yaratmalıyıq. Bu təklifin qarşısında duran hansısa bir əngəl yoxdur. Təklif elə bir təklifdir ki, istənilən zaman bunu etmək imkanı yaranmalıdır və bu təşəbbüsü də adamlar ayrı-ayrılıqda gerçəkləşdirməlidirlər. Dilin öyrənilməsi üçün təbii ki, zərurət varsa, ehtiyac varsa, bu yaxşı bir haldır və düşünürəm ki, bu istiqamətdə əgər müəyyən rasional addımlar atılarsa, bu, həm də dilimizin təbliğ olunması mənasına gələcək".
Aytəkin TOFİQQIZI













