“Yeni Media və Yayım Şurası Azərbaycanın informasiya suverenliyinin qorunmasına xidmət edəcək” - Zahid Oruc
Azərbaycan mətbuatı özünün 150 illik – bir əsr yarımlıq – tarixi dövrünü yaşayır. Cənubi Qafqaz regionunun ən qədim mətbuat ənənələrindən birinə malik olan Azərbaycan mediası bu gün yeni mərhələyə qədəm qoyur.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanuna təklif edilən dəyişiklikləri şərh edərkən bildirib.
O qeyd edib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat ənənəsi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün bərpasından sonra yeni milli vəzifələr dövrünə daxil olub:
“44 günlük Vətən müharibəsi informasiya məkanında da yeni reallıq yaratdı. Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız coğrafi sərhədlərlə deyil, həm də informasiya sərhədlərinin qorunması ilə ölçülür. Bu gün informasiya məkanı dövlət təhlükəsizliyinin əsas istiqamətlərindən biridir”.
Zahid Oruc bildirib ki, “Media haqqında” qanuna təklif edilən dəyişikliklər milli informasiya məkanının hibrid hücumlardan qorunması, qalib informasiya siyasətinin daha effektiv həyata keçirilməsi və media institutlarının gücləndirilməsi məqsədi daşıyır.
Onun sözlərinə görə, 2019-cu ildən etibarən media sahəsində həyata keçirilən islahatların əsas məqsədlərindən biri informasiya resurslarının səfərbər olunması olub:
“Prezident İlham Əliyevin müharibə dövründə verdiyi çoxsaylı müsahibələr Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə çatdırılmasında, düşmənin informasiya manipulyasiyalarının qarşısının alınmasında mühüm rol oynadı”.
Komitə sədri qeyd edib ki, müharibədən sonra da Azərbaycana qarşı hibrid və dezinformasiya kampaniyaları davam edib:
“Tarixi Qələbəni qorumaq üçün dövlət informasiya sahəsində institusional arxitekturanın gücləndirilməsini vacib hesab edir. Bu baxımdan media sahəsində idarəetmə mexanizmlərinin yenilənməsi zamanın tələbidir”.
Zahid Orucun sözlərinə görə, dünyada informasiya müharibələrinin genişləndiyi, süni intellekt texnologiyalarının dezinformasiyanın yayılmasını sürətləndirdiyi bir dövrdə parçalanmış idarəetmə modeli effektivliyini itirir:
“Çap mediası, internet resursları, sosial şəbəkələr və audiovizual platformalar artıq vahid informasiya sisteminin hissələridir. Buna görə də media sahəsində vahid yanaşma və koordinasiya mexanizmi tələb olunur”.
O bildirib ki, hazırda Azərbaycanda media sahəsində iki əsas qurum – Audiovizual Şura və Medianın İnkişafı Agentliyi fəaliyyət göstərir:
“Bu qurumlar öz sahələrində mühüm funksiyalar yerinə yetirir. Lakin yeni mərhələdə vahid və daha çevik idarəetmə modelinə ehtiyac yaranıb”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri deyib ki, layihəyə əsasən, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin bazasında kollegial idarəetmə prinsipləri ilə fəaliyyət göstərəcək yeni qurum – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur.
“Yeni qurum media sahəsində tənzimləmə, lisenziyalaşdırma, Media Reyestrinin aparılması, inkişaf və dəstək tədbirləri, ictimai rəyin öyrənilməsi və strateji informasiya siyasəti istiqamətlərini vahid mərkəzdə birləşdirəcək”.
Zahid Oruc qeyd edib ki, yeni Şuraya media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, dövlət qurumları ilə media arasında əməkdaşlığın genişləndirilməsi və dezinformasiyaya qarşı mübarizə kimi yeni səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Onun fikrincə, yeni model qərarların hazırlanması, icrası və nəticələrin qiymətləndirilməsi arasında vaxt itkisini azaldacaq:
“İnformasiya müharibələrinin sürətləndiyi dövrdə dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artacaq”.
Zahid Oruc beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, dünyanın bir sıra aparıcı ölkələrində media tənzimlənməsi və kommunikasiya siyasəti vahid institutlar vasitəsilə həyata keçirilir:
“Böyük Britaniyada Ofcom, Fransada isə ARCOM kimi qurumlar audiovizual sahə ilə yanaşı rəqəmsal media mühitini də tənzimləyir. Almaniya, İtaliya, Kanada və Avstraliya kimi ölkələrdə də bu istiqamətdə koordinasiya mexanizmləri gücləndirilir”.
O vurğulayıb ki, Azərbaycanın informasiya siyasətində vahid institusional yanaşma xarici təsirlərə, dezinformasiya kampaniyalarına və hibrid təhdidlərə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək.
Zahid Oruc bildirib ki, Azərbaycanın beynəlxalq media məkanına çıxışı da genişlənir:
“Qlobal media qurumları ilə əməkdaşlıq, müxtəlif dillərdə yayımlar və beynəlxalq informasiya platformalarında iştirak Azərbaycanın informasiya imkanlarını artırır”.
O qeyd edib ki, 2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda 92 audiovizual media subyekti fəaliyyət göstərir. Bunlara televiziya, radio, sifarişli yayım xidmətləri və retranslyasiya operatorları daxildir.
Komitə sədri Qarabağ və Şərqi Zəngəzurun informasiya blokadasından çıxmasını da xüsusi vurğulayıb:
“İşğal dövründə həmin ərazilər Azərbaycanın informasiya məkanından kənarda qalmışdı. Qələbədən sonra Xankəndidən, Şuşadan və digər bölgələrdən yayımlanan proqramlar dövlət suverenliyinin informasiya sahəsində təzahürüdür”.
Zahid Oruc internet televiziyaları və rəqəmsal platformaların sayının artdığını, lakin keyfiyyət məsələsinin də diqqətdə saxlanmalı olduğunu bildirib.
Onun sözlərinə görə, Media Reyestri artıq ölkənin informasiya mühitinin əsas məlumat bazalarından birinə çevrilib:
“Yeni institusional model bütün media mühitini – efir, çap və onlayn seqmentləri – vahid sistemdə izləməyə və təhlil etməyə imkan yaradacaq”.
Zahid Oruc bildirib ki, yeni qanun layihəsinin əsas ideyası Azərbaycanın informasiya təhlükəsizliyinin və milli maraqlarının qorunmasına xidmət edir:
“Azərbaycan informasiya müharibəsinin hədəfində olan ölkədir və buna görə də yeni çağırışlara uyğun institusional mexanizmlər qurur”.
O əlavə edib ki, Şuşada keçirilən qlobal media tədbirləri Azərbaycanın artıq yalnız informasiya istehlakçısı deyil, həm də qlobal media gündəliyinə təsir göstərən dövlət olduğunu nümayiş etdirir.
“Yeni Media və Yayım Şurası Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı yeni dövlətçilik modelinin informasiya sahəsində davamı olacaq. Bu, yalnız struktur dəyişikliyi deyil, milli informasiya məkanının gələcək inkişafını müəyyən edən strateji qərardır”, – deyə Zahid Oruc fikrini yekunlaşdırıb.
Aminə ŞAHSUVARQIZI













