Fazil Mustafadan Xəzərin hasarlanmasına ETİRAZ
Son dövrlər Xəzər dənizi sahillərinin müxtəlif hissələrinin hasarlanması və vətəndaşların sahilə çıxışının məhdudlaşdırılması ictimai narazılığa səbəb olub. Sakinlər bildirirlər ki, dəniz sahilləri ümumi istifadəyə aid ərazilərdir və onların müxtəlif şəxslər tərəfindən hasarlanması düzgün deyil. Sakinlərin fikrincə, bəzi şəxslər bu ərazilərə şəxsi mülk kimi yanaşır, halbuki dəniz xalqa məxsus ümumi sərvətdir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Fazil Mustafa bildirdi ki, bu məsələ dəfələrlə gündəmə gətirilib:
"Məsələ dəfələrlə bizim tərəfimizdən də qaldırılıb, lakin bununla bağlı hər hansı bir tədbir görülməyib. Ona görə də belə görünür ki, artıq bu proses öz axarı ilə getməlidir. İndi vətəndaşlar baxımından düşünürəm ki, heç olmasa ictimai çimərliklərin sayı artırılmalıdır ki, insanların dənizdən pulsuz istifadə imkanları olsun. Amma bunun qarşısını almaq artıq böyük söküntülərə və ciddi problemlərə səbəb ola bilər. Açığı, bu məsələdə digər insanların incidilməsinə və ya əlavə problemlərin yaranmasına maraqlı olmadığımıza görə mövzunu çox da təkrarlamaq istəmirik. Amma əlbəttə ki, bu, yanlış yanaşmadır. Xəzər xalqa, cəmiyyətə məxsusdur və ondan istifadə hüquqları məhdudlaşdırılmamalıdır".
NURİYYƏ













