Xəzər dənizinin suyundan istifadə niyə pullu olur? - Ekspert AÇIQLADI
Su obyektlərindən xüsusi məqsədlərlə istifadə edən sahibkarlar və hüquqi şəxslər üçün yeni ödəniş sistemi tətbiq olunacaq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, bu ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.
Ödənişlər texniki qurğular vasitəsilə suyun götürülməsi, təmizlənmiş tullantı sularının su obyektlərinə axıdılması və su akvatoriyalarından istifadə hallarında nəzərdə tutulur. Tariflər istifadə olunan su mənbəyindən və təyinatından asılı olaraq dəyişəcək. Bunun üçün istifadəçilər əvvəlcə ADSEA-dan xüsusi icazə almalı, daha sonra müqavilə bağlayaraq müəyyən edilmiş ödənişləri həyata keçirməlidirlər.
Yeni qaydaların əsas məqsədi su ehtiyatlarından səmərəli istifadəni təmin etmək, israfçılığın qarşısını almaq və su ehtiyatlarının mühafizəsini gücləndirməkdir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, dünyanın əksər ölkələrində su resurslarından istifadə ödənişlidir:
"Bu ödənişlər hesabına həmin resursların texniki və texnoloji vəziyyəti qorunur, onlara xidmət göstərən şəxslərin əməkhaqları ödənilir və sistemin dayanıqlılığı təmin edilir. Lakin Azərbaycanda, xüsusilə də Xəzər dənizindən götürülən suyun ödənişli əsaslarla istifadəsi yeni yanaşmadır.
Adətən, Xəzər dənizi ümumxalq sərvəti hesab olunduğundan hər kəs ondan istifadə edir. Eyni zamanda sənaye müəssisələri, xüsusilə neft-qaz sektoru dəniz suyundan geniş şəkildə yararlanır. Həm quyuların idarə olunmasında, həm soyutma sistemlərində, həm təmizləmə proseslərində, həm də yanğınsöndürmə sistemlərində sudan istifadə edilir. Buna görə də Xəzər dənizindən kifayət qədər böyük həcmdə su götürülür.
Düşünürəm ki, bu cür qiymətləndirmənin tətbiqində əsas hədəf ilk növbədə neft-qaz sənayesi olacaq. Bu sektor müəyyən ödənişlər həyata keçirəcək ki, bu da müəyyən dərəcədə neftin maya dəyərinə təsir göstərə bilər. Ən böyük su istehlakçısı məhz neft-qaz sənayesidir. Ondan sonra digər müəssisələr gəlir.
Xəzər dənizinin suyu duzlu olduğuna görə ondan birbaşa istifadə mümkün deyil. Bu su əsasən texniki məqsədlər üçün yararlıdır. Texniki xarakterli suyun qiymətləndirilməsi fiziki və hüquqi şəxsləri ondan daha qənaətlə istifadə etməyə sövq edə bilər".
Müsahibimiz vurğuladı ki, yeraltı suların qiymətləndirilməsi məsələsi də maraq doğurur:
"Məsələn, bir kubmetr suyun 40 qəpik və ya daha yüksək tariflə hesablanması müəyyən suallar yaradır. Bakının bir çox qəsəbəsində insanlar uzun illərdir quyulardan istifadə edirlər. Bəzi ərazilərdə dövlət tərəfindən mərkəzləşdirilmiş su təchizatı tam təmin olunmadığı üçün vətəndaşlar öz vəsaitləri hesabına quyu qazdıraraq həmin sudan istifadə edirlər. Belə olan halda onların hansı əsaslarla əlavə ödəniş etməli olduqları müzakirə mövzusudur.
Təbii ki, su ehtiyatlarına qənaət edilməlidir. Bu, həm yeraltı, həm də yerüstü şirin su ehtiyatlarına aiddir. Ancaq Xəzər dənizinin suyunun ödənişli əsaslarla istifadəyə verilməsi məsələsi bir qədər fərqli yanaşma tələb edir. Çünki bu su əsasən texnoloji proseslər üçün yararlıdır.
Xüsusilə çirklənmiş suların dənizə axıdılmasına görə ödənişlərin tətbiq olunmasını müsbət təşəbbüs hesab edirəm. Müəssisələr çirkləndirdikləri suya görə maliyyə məsuliyyəti daşıyacaqlarsa, bu, onları daha məsuliyyətli davranmağa sövq edəcək. Nəticədə dənizlərin, göllərin və çayların çirkləndirilməsinin qarşısının alınmasına müəyyən töhfə verilə bilər.
Bu baxımdan yanaşma kifayət qədər effektiv görünür. Ancaq Xəzər dənizinin suyunun birbaşa ödənişli edilməsi müəyyən suallar doğurur. Şirin su ehtiyatları, göllər, çaylar və yeraltı sularla bağlı ödəniş mexanizmlərini müəyyən mənada anlamaq mümkündür. Lakin Xəzər dənizi ilə bağlı tətbiq edilən yanaşma əlavə müzakirələr tələb edir. Düşünürəm ki, bu, hələ geniş şəkildə müzakirə olunmalı məsələlərdən biridir".
NURİYYƏ













