"Peşəkar jurnalistika yalnız operativlik və xəbər bolluğu ilə qiymətləndirilməməlidir" - Elçin Mirzəbəyli

 12:34 19.06.2026     545

"Bu gün dünya miqyasında qarşılaşdığımız ən ciddi problemlərdən biri feyk xəbərlər və dezinformasiyadır. Araşdırmalar göstərir ki, təhsil imkanlarının genişləndiyi müasir dövrdə belə, gənclər üçün doğru informasiya ilə dezinformasiyanı ayırd etmək bəzən çətin olur. Hətta bəzi hallarda kütləvi informasiya vasitələrinin özləri də dezinformasiyanın təsiri altına düşürlər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Elçin Mirzəbəyli “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O digər mühüm məqamı da vurğuladı ki, xəbərlərin sayının artması fonunda keyfiyyət amilinin arxa plana keçməsidir:

"Xəbər istehsalının sürətlənməsi jurnalistikanın əsas funksiyalarını, araşdırma aparmaq, təhlil vermək, tənqidi yanaşmalar ortaya qoymaq, ictimai əhəmiyyət daşıyan problemləri gündəmə gətirmək və ictimai maraqları qorumaq kimi vəzifələri müəyyən qədər kölgədə qoya bilir. Peşəkar jurnalistika yalnız operativlik və xəbər bolluğu ilə qiymətləndirilməməlidir. Peşəkar jurnalistika həm də keyfiyyət, etibarlılıq, araşdırma, obyektivlik və ictimai məsuliyyət deməkdir. Bu gün sürətli informasiya axını və texnoloji transformasiya şəraitində müəllif yanaşmalarının, fərdi üslubun, yaradıcılığın və dil zənginliyinin qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki inkişaf etdirilməsi vacib olan əsas dəyər yaradıcı düşüncədir. Yaradıcı düşüncə isə peşəkar jurnalistikanın əsas sütunlarından biridir. Bu baxımdan ümid edirəm ki, media subyektlərinin iqtisadi dayanıqlılığının təmin edilməsi, reklam bazarının inkişaf etdirilməsi və qorunması ilə yanaşı, peşəkar jurnalistlərin iqtisadi təminatının gücləndirilməsi, janr müxtəlifliyinin, müəllif hüquqlarının və dil mühitinin qorunması istiqamətində də ciddi addımlar atılacaq. Eyni zamanda media subyektləri ilə yanaşı, jurnalistlər üçün də müxtəlif janrlar üzrə məzmun layihələrinin, araşdırma materiallarının və uzunmüddətli media layihələrinin dəstəklənməsi vacibdir. Bir neçə ay, hətta bir il davam edən peşəkar layihələrin maliyyələşdirilməsi media məzmununun keyfiyyətinin yüksəldilməsinə və jurnalistikanın inkişafına mühüm töhfə verə bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən