"Cəmiyyətdə keyfiyyətli audiovizual məhsullara ciddi tələbat mövcuddur" - Deputat

 12:35 19.06.2026     439

"Mən də xüsusilə vurğulamaq istərdim ki, rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi, süni intellekt texnologiyalarının geniş yayıldığı və sərhədlərin getdikcə daha da şərti xarakter aldığı bir dövrdə yeni idarəetmə və icra mexanizmlərinin tətbiqi olduqca vacibdir. Bu şəraitdə qərarların operativ qəbul edilməsi, optimal mexanizmlərin işə salınması və çevik alternativ həllərin hazırlanması xüsusi əhəmiyyət daşıyır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Azər Allahverənov “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O düşünür ki, yaradılacaq yeni strukturun qarşısında duran mühüm vəzifələrdən biri də audiovizual məhsulların hazırlanması və inkişaf etdirilməsi ilə bağlı olacaq:

"Bu məsələ barədə açıq danışmaq istəyirəm. Çünki bildiyiniz kimi, dünyada mədəni ekspansiya anlayışı geniş müzakirə olunur və bəzi hallarda ayrı-ayrı ölkələrin mədəni təsir imkanları digər xalqların milli-mədəni mühitinə təsir göstərə bilir. Bu baxımdan Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar milli-mədəni irsimizin qorunması və geniş şəkildə təbliği üçün etibarlı bir sipər rolunu oynaya bilər. Eyni zamanda biz digər ölkələrin uğurlu təcrübələrindən yararlanaraq öz mədəniyyətimizi qorumaq, onu daha geniş auditoriyalara çatdırmaq və cəmiyyətimizdə mədəni immunitet formalaşdırmaq istiqamətində də mühüm addımlar ata bilərik. Mən xüsusilə mədəni inteqrasiya kontekstində uğurlu strategiyaların həyata keçirilməsini vacib hesab edirəm. Bunun üçün isə audiovizual məhsullarımız rəqabətqabiliyyətli, müasir və auditoriyanın maraqlarına cavab verən məzmunda olmalıdır.

Yeri gəlmişkən, Azərbaycanda audiovizual sahədə kadr hazırlığı istiqamətində görülən işləri və müxtəlif qurumlar tərəfindən hazırlanan layihələri müşahidə etmişik. Təqdirəlayiq haldır ki, son illərdə gənclərin bu sahəyə marağı nəzərəçarpacaq dərəcədə artıb. Müxtəlif layihələr ətrafında aparılan müzakirələr, gənclərin kinoteatrlara və kinosalonlara marağının yüksəlməsi, onların bu sahə ilə bağlı təkliflər irəli sürməsi göstərir ki, cəmiyyətdə keyfiyyətli audiovizual məhsullara ciddi tələbat mövcuddur. Həmkarlarım sosial sifariş məsələsinə də toxundular. Mən hesab edirəm ki, belə layihələr həm də sosial sifariş xarakteri daşıyır. Bu məhsulların sayının artırılması milli dəyərlərimizin qorunmasına, gənclərin maariflənməsinə və mədəni ekspansiyaya qarşı ictimai immunitetin gücləndirilməsinə töhfə verə bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən