İllərlə təhsil alanlar geri döndü, amma qapılar bağlıdır - Deputatdan ETİRAZ

 12:38 19.06.2026     677

"Son dövrlərdə xarici ölkələrdə təhsil alaraq Azərbaycana qayıdan vətəndaşlarımızın işlə təmin olunması, eləcə də onların əldə etdikləri bilik və təcrübənin ölkəmizin inkişafında səmərəli şəkildə istifadə edilməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Bu şəxslər beynəlxalq təhsil və təcrübə proqramlarından keçmiş, rəqabətqabiliyyətli kadrlar kimi ölkənin inkişaf prosesində iştirak etmək potensialına malikdirlər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Rəşad Mahmudov bildirdi.

Onun sözlərinə görə, bu mövzu birbaşa diplomların tanınması, peşə fəaliyyətinə çıxış imkanları və insan kapitalından səmərəli istifadə məsələləri ilə bağlıdır:

"Nəticə etibarilə, bir tərəfdən ölkədə kadr çatışmazlığının aradan qaldırılması, digər tərəfdən isə yüksək ixtisaslı mütəxəssislərin formalaşdırılması və onların səhiyyə müəssisələrinə cəlb olunması prosesi daha da asanlaşa bilər. Bu məsələ yalnız məşğulluq problemi deyil. Bu, həm də insan kapitalının səmərəli idarə olunması, səhiyyə sistemində kadr təminatı və peşəkar mütəxəssislərin ölkəyə qaytarılması ilə bağlı strateji əhəmiyyət daşıyan bir məsələdir. Dünən mənə müraciət edən bir vətəndaşın timsalında bu problemi xüsusi qeyd etmək istəyirəm. Söhbət Rusiyada təhsil almış, iki il peşəkar təcrübə keçmiş, iki ali təhsili olan, 32 yaşlı, iki uşaq anası bir xanımdan gedir. O, nüfuzlu tibb müəssisələrindən birində təhsil alıb, peşəkar fəaliyyət göstərmək imkanı qazanıb, lakin ailə vəziyyəti ilə əlaqədar Azərbaycana qayıdıb. Bütün hüquqi prosedurları yerinə yetirməsinə baxmayaraq, ixtisasına uyğun iş tapmaqda ciddi çətinliklərlə üzləşib. Onun müraciətində səsləndirdiyi bir fikir diqqətimi xüsusilə çəkdi. O bildirdi ki, bütün təhsil və peşə hazırlığına baxmayaraq, öz sahəsi üzrə iş tapa bilmir. Halbuki ölkədə bir çox sahələrdə, o cümlədən səhiyyə sistemində peşəkar kadrlara ehtiyacın olduğu tez-tez vurğulanır. Belə halların mövcudluğu bizi ciddi şəkildə düşündürməlidir. Bu, bəzən normativ-hüquqi bazada olan boşluqların, bəzən isə yeni yaradılmış mexanizmlərin və prosedurların praktik tətbiqində yaranan çətinliklərin real insan talelərinə təsirinin göstəricisidir. İcbari tibbi sığorta sisteminin genişlənməsi, yeni idarəetmə mexanizmlərinin tətbiqi və səhiyyə sektorunda aparılan islahatlar fonunda belə problemlərin yaranması xüsusi diqqət tələb edir.

Biz anlamalıyıq ki, xaricdə təhsil almış və peşəkar təcrübə qazanmış mütəxəssislərin ölkəyə qayıdaraq fəaliyyət göstərməsi dövlət üçün əlavə dəyər yaradır. Onların səhiyyə müəssisələrinə cəlb olunması, qeydiyyat prosedurlarının sadələşdirilməsi və yeni imkanların yaradılması dövlətin maraqlarına xidmət edir. Təəssüf ki, bəzi hallarda bu proseslər praktik reallığa uyğun olmayan maneələrlə üzləşir. Təbii ki, sistemdə sui-istifadə hallarının qarşısının alınması vacibdir və dövlət bu istiqamətdə bütün zəruri tədbirləri görməlidir. Lakin məqsəd sistemi bağlamaq deyil, əksinə, şəffaf, ölçülə bilən, hüquqi baxımdan sabit və təhlükəsiz mexanizmlərin yaradılması olmalıdır. Bu sahədə ya normativ-hüquqi baza tam və aydın şəkildə formalaşdırılmalı, ya da mövcud qaydaların tətbiqi daha anlaşıqlı və şəffaf olmalıdır. Eyni zamanda qərarvermə mexanizmləri ayrı-ayrı şəxslərin subyektiv mövqeyindən həddindən artıq asılı vəziyyətə düşməməlidir. Hesab edirəm ki, bu istiqamətdə islahatlar dövlət tərəfindən həyata keçirilən səhiyyə siyasətinin ümumi fəlsəfəsinə uyğun şəkildə davam etdirilməlidir. Əks halda, bir tərəfdən tibbi kadr çatışmazlığından danışacaq, digər tərəfdən isə yüksək ixtisaslı mütəxəssislərin sistemə daxil olmasını çətinləşdirəcəyik. Bu isə düzgün yanaşma hesab oluna bilməz. Sonda qeyd etmək istəyirəm ki, bu məsələnin həlli təkcə inzibati prosedurların sadələşdirilməsi deyil, həm də ölkədə ədalətli, şəffaf və ləyaqətli idarəetmə sisteminin daha da gücləndirilməsi deməkdir. Eyni zamanda bu, gələcək insan kapitalının qorunması və inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyan bir qərardır. Ümid edirəm ki, bu istiqamətdə zəruri addımlar atılacaq və mövcud problemlərin həlli ilə bağlı effektiv mexanizmlər formalaşdırılacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən