"Taksi sürücüləri AYNA-dan çox sayda şikayət edirlər" - Millət vəkilindən cərimələrə ETİRAZ
“Taksi sürücüləri minib-düşmədən çox narazıdırlar”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar plenar iclasında deputat Məlahət İbrahimqızı bildirib.
O qeyd edib ki, taksi sürücülərinə tətbiq olunan cərimələrlə bağlı əsas narazılıq qaydaların mövcudluğu deyil, bəzi hallarda sərnişinlərin təhlükəsiz və rahat şəkildə nəqliyyat vasitəsindən düşməsi üçün şəraitin kifayət qədər yaradılmamasıdır:
“Xəstə var, hamilə qadın var, hava şəraiti var. Bəzən elə hallar olur ki, taksi sürücüsü sərnişini düşürmək üçün məcburən müəyyən məsafədə dayanmalı olur və buna görə cərimə ilə üzləşir. İctimai əhəmiyyətli obyektlərin, xəstəxanaların və digər məkanların yaxınlığında qısa müddətli sərnişin mindirmə və düşürmə imkanlarının yaradılması məqsədəuyğun olardı. Bəzən xəstəxananın yanında belə sərnişini düşürmək üçün imkan olmur. Halbuki bəzi hallarda cəmi 2–3 dəqiqəlik dayanma kifayət edir ki, sərnişin rahat şəkildə avtomobildən düşsün. Məsələn, “Ege Hospital”a xəstə aparan sürücü məcbur olur ki, məhəlləarası yollara girsin, bu da xəstə üçün əziyyətdir. Həmçinin taksi sürücüləri AYNA ilə bağlı çox sayda şikayət edirlər. Bəzi hallarda nəqliyyat fəaliyyətini tənzimləyən qurumların yanaşmaları ilə yol hərəkəti qaydalarına nəzarət edən strukturların tələbləri arasında fərqlər yaranır. Eyni məsələ ilə bağlı fərqli yanaşmalar həm sürücülər, həm də sərnişinlər üçün çətinlik yaradır. Bu ziddiyyətlərin aradan qaldırılması vacibdir. Taksi sektorunun tənzimlənməsi ilə bağlı təqdim olunan qanun layihəsi aktual məsələləri əhatə edir və sahədə mövcud problemlərin hüquqi çərçivədə həllinə imkan yarada bilər.”
NURİYYƏ












