Qulu Məhərrəmlidən deputatın təklifinə REAKSİYA: "Azərbaycanda belə bir bazar varmı?"

 15:23 19.06.2026     1301

Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev media qurumları haqqında danışıb.

“Bir çox Avropa ölkələrində media qurumları üçün innovativ biznes modellərinin qurulmasına dəstək məqsədilə xüsusi təlim və mentorluq proqramları təşkil edilir. Ölkənin bütün media subyektləri üçün beynəlxalq ekspertlərin iştirakı ilə sistemli təlimlər təşkil edilməli, media menecerlərinə yeni biznes modelləri, rəqəmsal məhsulların hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanları ilə bağlı bilik və bacarıqlar aşılanmalıdır”, - deyə deputat qeyd edib.

Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli Redaktor.az-a açıqlamasında bildirdi ki, Razi Nurullayevin biznes modellərinin qurulmasına dəstək mənasında təklif etdiyi təlim və mentorluq proqramları, ümumiyyətlə, media subyektləri üçün müəyyən biznes layihələrinin olması, menecerlərin maarifləndirilməsi, onların yeni biznes modelləri ilə tanış edilməsi, mediada rəqəmsal məhsulların hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi və sair məsələlərlə bağlı dediklərinin hamısı aktual, maraqlı və çox gərəklidir:

"Ona görə ki, media subyektlərinin özü həm də bir biznes qurumu kimi fəaliyyət göstərir, öz məhsulunu hazırlayır, satır və bundan gəlir əldə edir. Dünyanın qabaqcıl media qurumları da bu fəaliyyətlə məşğul olur. Reklamdan, müxtəlif kampaniyalardan gəlir götürə bilir, öz büdcəsini formalaşdırır və bunun hesabına yaşayaraq müstəqilliyini qoruya bilir. Bu, çox vacibdir.

Ortaya çıxan ən böyük sual budur ki, bu məhsulların hazırlanmasından sonra hansı mərhələ gəlir? Bazara çıxarmaq. Azərbaycanda belə bir bazar varmı? O məhsulları ala biləcək subyektlər varmı? Media məhsulları ilə bağlı bazar formalaşırmı, o bazar mövcuddurmu? Bu məsələlərə gələndə, əlbəttə ki, çox da nikbin danışmaq olmur. Amma gələcəkdə bizdə azad medianın, müstəqil medianın inkişaf strategiyası hazırlansa, bunun üçün müvafiq mühit yaradılsa, o halda həmin medianın məhsullarını beynəlxalq bazara çıxarmaq, informasiyaların satışından gəlir əldə etmək, müəyyən kommersiya layihələrinin biznes tərəfini düşünmək çox faydalı olardı. Amma indiki halda bazarın qıtlığı, məhdudluğu və ya ümumiyyətlə olmaması ucbatından media bu biznes layihələrini reallaşdıra bilmir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən