“Evlərə çıxarış verilməməsi boşanma və vərəsəlikdə ciddi problem yaradır” - Elnur Fərzəliyev

 18:27 19.06.2026     478

Deputat Kamal Cəfərov bildirib ki, Azərbaycanda 500 mindən çox sənədsiz ev var və bu problem vətəndaşların mülkiyyət, qeydiyyat, vərəsəlik və maliyyə hüquqlarını məhdudlaşdırır. O, riskli və strateji ərazilər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilməsi üçün şəhərsalma amnistiyasının tətbiqini və xüsusi proqram hazırlanmasını təklif edib.

Təkliflə bağlı fikirlərini Redaktor.az-la bölüşən əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, ölkədə, xüsusən paytaxt Bakı və Abşeronda yüz minlərlə çıxarışsız fərdi yaşayış evi var və bu əmlakların çıxarışının olmaması səbəbindən həm vətəndaşlar, həm də dövlət büdcəsi bu sahədən heç bir gəlir əldə edə bilmir:

“Bu əmlakların çıxarışı olarsa, təbii ki, onlar torpaq və əmlak vergisinə cəlb oluna, sığortalana bilər, eyni zamanda ipoteka predmetinə çevrilə bilər. Son illər ölkənin daşınmaz əmlak bazarında ciddi qiymət artımları baş verir. Lakin çıxarışsız fərdi yaşayış evlərində qiymət artımları daha aşağı templə davam edir. Əgər bu əmlaklar çıxarışla təmin olunsa, aztəminatlı ailələr həmin nisbətən ucuz əmlakları müxtəlif ipoteka kreditləri vasitəsilə əldə edə bilər. Bu əmlakların bazar dəyəri aşağı olduğuna görə ilkin ödəniş və aylıq ödənişlər də minimal olar. Bu da vətəndaşların mənzil probleminin həllinə töhfə verər. Digər tərəfdən, ötən aylarda baş verən güclü yağışlar nəticəsində yüzlərlə əmlak subasmaya məruz qaldı. Həmin əmlakların böyük hissəsi çıxarışsız idi. Əgər onların çıxarışı olsaydı, vaxtında sığortalanar və dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılanardı.

Bu gün həmin əmlaklara “sənədsiz fərdi yaşayış evləri” və ya “sənədsiz əmlaklar” deyilir. Mən bu fikirlə razı deyiləm. Çünki bu əmlakların bir zamanlar müxtəlif dövlət qurumları tərəfindən verilmiş sənədləri var. Əvvəlki illərdə Bağlar İdarəsi, kolxoz və sovxozlar, icra hakimiyyətləri, bələdiyyələr və digər qurumlar tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılıb. Vətəndaşlar da həmin sənədlər əsasında evlərini inşa ediblər. Bu gün isə dövlətin vaxtilə verdiyi sənədlər qəbul olunmur. Bu baxımdan həmin evlərə tam mənada sənədsiz demək düzgün olmaz. Əlbəttə, bu yanaşmanı bütün evlərə şamil etmək mümkün deyil, lakin təxminən 80 faizə aid etmək olar.”

Müsahibimiz həmçinin əlavə etdi ki, qadağan olunmuş ərazilərdə də on minlərlə fərdi yaşayış evi var:

“Bunlar neft buruqlarının ətrafında, yüksək gərginlikli elektrik xətlərinin altında və müxtəlif mühafizə zolaqlarında tikilmiş əmlaklardır. Belə əmlaklar üzərində qadağanedici status qüvvədə qaldığı müddətdə onların çıxarışla təmin olunması mümkün deyil. Məsələn, elektrik xətlərinin yeri dəyişdirilərsə, həmin ərazilərdən qadağanedici status götürülə bilər. Bu yanaşmanı digər kommunikasiya xətlərinə də tətbiq etmək mümkündür. Vətəndaşların mənzilləri çıxarışla təmin olunarsa, həmin əmlakların alqı-satqısı notarial qaydada həyata keçirilər. Bu isə bank sektorunun inkişafına müsbət təsir göstərər. Çünki əməliyyatlar banklar vasitəsilə aparılar, notariat sistemi və sığorta sektoru əlavə gəlir əldə edər.

Eyni zamanda vətəndaşlar öz mənzillərində qeydiyyata düşə bilərlər. Hazırda təkcə Bakı və Abşeron ərazisində faktiki yaşayan insanların dəqiq sayını müəyyən etmək çətindir, çünki bir hissəsinin mənzili olsa da, çıxarış olmadığına görə həmin ünvanda qeydiyyata düşə bilmirlər. Nəticədə faktiki əhali ilə bağlı dəqiq statistika formalaşmır. Bu əmlaklar çıxarışla təmin olunmalı və ya çıxarış alınana qədər hüquqi status verən başqa sənədlərlə təmin edilməlidir. Belə olduqda vətəndaşlar öz mənzillərində rahat yaşaya və qeydiyyata düşə bilərlər. Bununla yanaşı, dövlət büdcəsi də bu sahədən hər il əhəmiyyətli gəlir əldə edər".

Onun sözlərinə görə, başqa bir problem isə ondan ibarətdir ki, çıxarışı olmayan əmlak sahibləri vəfat etdikdə həmin əmlakların vərəsələr arasında bölünməsi çətinləşir.

"Boşanma hallarında da bu əmlakların bölgüsü ciddi problemlər yaradır. Bəzi hallarda məhkəmələr mülkiyyət hüququnu təsdiqləyən sənəd olmadığı üçün vətəndaşlara kömək göstərə bilmir. Bu əmlakların çıxarışla təmin olunması həm vətəndaş məmnuniyyətini artırar, həm də hüquqi problemlərin həllinə kömək edər. Digər tərəfdən, son illər daşınmaz əmlak bazarında ciddi qiymət artımları müşahidə olunur. Lakin çıxarışsız fərdi yaşayış evlərinin bazar dəyəri çıxarışlı əmlaklarla müqayisədə xeyli aşağıdır və onların satışı daha sürətlə həyata keçirilir. Əgər həmin əmlaklar çıxarışla təmin olunsa, qısa müddətdə bazara on minlərlə əlavə əmlak çıxarıla bilər. Bu isə təklifin artmasına, süni qiymət artımlarının qarşısının müəyyən qədər alınmasına və nəticə etibarilə əmlakların bazar dəyərinin sabitləşməsinə və ya azalmasına səbəb ola bilər", - deyə E.Fərzəliyev yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən