Boğulma hallarının qarşısını almaq üçün hansı işlər görülür? – FHN AÇIQLADI
Yay mövsümünün başlaması ilə dəniz çimərliklərinə üz tutanların sayı xeyli artıb. Lakin insanlar təkcə dənizdə deyil, müxtəlif çaylarda, su anbarlarında və kanallarda da çimməyə üstünlük verirlər. Xüsusilə rayon və kəndlərdə dənizə çıxış imkanı olmayan sakinlər yaxınlıqdakı çay və ya kanallardan istifadə edirlər. Ancaq bu su hövzələrinin bir qismində çimmək təhlükəli və qadağandır. Buna baxmayaraq, bəzi vətəndaşlar xəbərdarlıqlara məhəl qoymur və nəticədə hər il boğulma halları, hətta ölümlə nəticələnən hadisələr qeydə alınır.
Bəs Fövqəladə Hallar Nazirliyi (FHN) çimməyin qadağan olunduğu ərazilərdə xəbərdaredici nişanlar yerləşdiribmi? Yay mövsümü ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində hansı işlər görülüb və hansı profilaktik addımlar atılıb?
Mövzu ilə bağlı FHN-dən Redaktor.az-a bildirildi ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümündən öncə Xidmətin nəzarət etdiyi çimərliklərdə və IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib:
"Həmin tədbirlər çərçivəsində ilkin olaraq, Xidmət tərəfindən sahilboyu ərazilərdə aidiyyəti yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsindən ibarət olub. Bundan başqa, çimərlik mövsümündən əvvəl xidmətin nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb, üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb. Eyni zamanda, çimərlik istifadəçilərinin məlumatlandırılması məqsədilə çimərlik ərazisində maarifləndirici lövhələr yerləşdirilib. Bunlardan əlavə, xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə də müsabiqə elan olunub. Xidmətin aidiyyəti şöbələri mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Xidmət əməkdaşları tərəfindən sahilboyu ərazilərdə aparılmış monitorinqlər zamanı təhlükəli çimərlik əraziləri aşkar edilib. Xidmət tərəfindən həmin ərazilərin təhlükəli olduğunu bildirən lövhələr də yerləşdirilib.Təəssüflə qeyd edirik ki, bəzən Xidmət tərəfindən quraşdırılan bu lövhələr naməlum şəxslər tərəfindən yararsız hala salınır və ya məhv edilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır".
NURİYYƏ












