Avropada 150 milyon insan isti ilə mübarizə aparır - Azərbaycanda hava niyə fərqlidir?

 17:37 29.06.2026     448

Hazırda Avropanın bir çox ölkəsi rekord istilərlə mübarizə aparır. Məlumatlara görə, təxminən 150 milyon insan həddindən artıq isti hava şəraitinin təsiri altındadır, yüzlərlə insan həyatını itirib, bəzi ölkələrdə isə məktəblər bağlanıb və fövqəladə tədbirlər görülür. Azərbaycanda isə son günlər havaların nisbətən sərin keçməsi, bəzi bölgələrdə yağışların yağması müşahidə olunur.

Bəs Avropa ilə Azərbaycan arasında hava şəraitində yaranan bu kəskin fərqin səbəbi nədir? Bu fərq hansı iqlim prosesləri ilə izah olunur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqlimşünas Məhərrəm Mehdiyevin sözlərinə görə, yəqin ki, bunun səbəbi "El-Ninyo" hadisəsi ilə bağlıdır:

"Bildiyiniz kimi, "El-Ninyo" atmosferə əlavə istilik ötürür. Həmin istilik də yayılaraq atmosferdə temperatur rejiminə təsir göstərir. Ola bilər ki, hazırda Avropada müşahidə olunan isti hava şəraiti bunun nəticəsidir. Hava axınları həmin istiqamətdən gəlir. Əgər bu axınlar bizə də gəlib çatsa, Azərbaycanda da temperatur müəyyən qədər arta bilər. Amma baxıram ki, Avropada da rəsmi göstəricilər əsasən 33 dərəcə ətrafındadır. Düzdür, birbaşa günəş altında temperatur 50 dərəcəyə qədər yüksələ bilir. Bizdə də yay aylarında bəzi yerlərdə bu cür yüksək səthi temperatur müşahidə olunur. Amma rəsmi hava temperaturu adətən maksimum 40-41 dərəcə ətrafında olur. Ola bilsin ki, səbəb məhz budur. Yəni "El-Ninyo"nun təsiri Azərbaycana qədər gəlib çatsa, temperatur müəyyən qədər arta bilər. Çatmasa və təsir əsasən Avropa istiqamətində qalsa, onda bizdə hava şəraiti təxminən ötən il olduğu kimi davam edər. Yağıntıların artması ilə bağlı isə dəqiq fikir deyə bilmərəm. Bu barədə ən düzgün məlumatı Milli Hidrometeorologiya Xidmətindən almağınız daha məqsədəuyğundur. Azərbaycanda nə qədər isti və ya sərin olacağını indidən qəti şəkildə söyləmək olmaz. Mənim şəxsi fikrimcə, hava şəraiti orta iqlim göstəricilərinə yaxın olacaq. Düşünmürəm ki, Avropadakı səviyyədə isti hava dalğası Azərbaycana çatsın. Çatsa belə, təsiri daha zəif formada ola bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən