Prokurora vətəndaşı psixiatriya xəstəxanasına yerləşdirmək səlahiyyəti verilmir - Elçin Mirzəbəyli

 12:40 30.06.2026     427

"Təklif olunan dəyişikliklər müasir insan hüquq və azadlıqlarının qorunması, Azərbaycanın beynəlxalq hüquqi öhdəliklərinə uyğunlaşdırılması və ictimai təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Lakin layihənin müzakirəsindən sonra bəzi informasiya resurslarında və sosial şəbəkələrdə əsassız xəbərlər yayılır, ictimai rəyi çaşdırmağa xidmət edən manipulyativ şərhlər səsləndirilir. Buna görə də dəyişikliklərin Azərbaycan Respublikasının Konstitusiyasına, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunluğu ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istəyirəm. Çünki irəli sürülən iddialarda da məhz bu sənədlərə istinad edilir".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Elçin Mirzəbəyli “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi danışarkən bildirdi.

O qeyd etdi ki, layihədə heç bir halda prokurora vətəndaşın stasionar psixiatriya müəssisəsinə yerləşdirilməsi səlahiyyəti verilmir:

"Söhbət yalnız barəsində cinayət təqibi aparılan, aqressiv davranışı ilə təhlükə yaradan və mümkün psixiatriya müayinəsindən yayınan şəxslə bağlı qərardan gedir. Prokurorun və ya cinayət işi üzrə icraatı aparan digər səlahiyyətli şəxsin müraciəti yalnız həkim-psixiatrın rəyi əsasında həyata keçirilir. Tibbi diaqnozu hüquq-mühafizə orqanı deyil, müstəqil həkim-psixiatr və həkim komissiyası müəyyən edir. Tibbi zərurət olmadığı halda isə proses dərhal dayandırılır. Qanunvericilikdə qüvvədə olan və dəyişdirilməyən imperativ normaya əsasən, belə müayinənin aparılması barədə rəy və qərar, eləcə də müvafiq materiallar dərhal prokuror tərəfindən məhkəməyə təqdim olunur və yekun qərarı bütün hallarda məhkəmə verir. Bu baxımdan layihəyə qeyri-obyektiv və qərəzli yanaşmaların hüquqi əsası yoxdur.

Layihədə psixi pozuntusu olan şəxslərlə bağlı məlumatların, eləcə də müalicədən imtina hallarının vahid elektron informasiya sistemində saxlanılması nəzərdə tutulur. Bununla yanaşı, mühüm yenilik kimi, kəskin xəstəlik barədə məlumatların qanuni nümayəndəyə və ya şəxsin müəyyən etdiyi yaxın qohumlarına iki iş günü ərzində təqdim edilməsi öhdəliyi müəyyən edilir. Bu norma Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş şəxsi toxunulmazlıq və məlumat əldə etmək hüququnun təminatlarını gücləndirməklə yanaşı, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın şəxsi həyatın toxunulmazlığını nəzərdə tutan 8-ci maddəsinin tələblərinə də uyğundur. Avropa İnsan Hüquqları Məhkəməsinin Hüseynli Azərbaycana qarşı işi və M.M. Latviyaya qarşı işi üzrə qərarlarında da vurğulanır ki, dövlətlər pasiyentin tibbi məlumatlarının təhlükəsiz sistemlərdə saxlanılmasını təmin etməlidirlər. Elektron sistem məlumatların sonradan dəyişdirilməsi riskini minimuma endirir. Layihədə nəzərdə tutulan iki iş günü müddəti bürokratik gecikmələrin qarşısını almaqla pasiyentin yaxınlarının məlumat əldə etmək hüququnun operativ və effektiv şəkildə həyata keçirilməsinə xidmət edir. Pasiyentin məlumat əldə etmək hüququnun yalnız onun özünün və ya digər şəxslərin təhlükəsizliyi naminə məhdudlaşdırılması isə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan legitim məhdudiyyət meyarlarına tam uyğun gəlir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən