Yerli istehsalçılar üçün yeni dəstək: Gömrük rüsumu ləğv olunur - Deputatdan AÇIQLAMA

 12:52 30.06.2026     412

"Azərbaycan Respublikasının Ələt Azad İqtisadi Zonasında yerləşən sənaye müəssisələrində istehsalın inkişaf etdirilməsi, sənayenin rəqabət qabiliyyətinin artırılması və ölkənin uzunmüddətli iqtisadi inkişaf istiqamətlərinin dəstəklənməsi məqsədilə bu qanun layihəsi hazırlanıb".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Rövşən Muradov “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O bildirdi ki, sözügedən məqsədlərə nail olmaq üçün azad zonanın investisiya cəlbediciliyinin artırılması və regionun digər azad iqtisadi zonaları ilə müqayisədə rəqabət qabiliyyətinin qorunması xüsusi əhəmiyyət kəsb edir:

"Belə ki, hazırda azad iqtisadi zonada istehsal olunan malların əsas iqtisadiyyata gətirilməsi zamanı tətbiq edilən gömrük ödənişləri həmin məhsulların daxili bazarda rəqabət qabiliyyətini azaldır. Eyni zamanda, Azərbaycanın azad ticarət sazişləri bağladığı ölkələrdən, xüsusilə də MDB ölkələrindən idxal olunan bir sıra analoji məhsullar ölkə bazarına sıfır və ya güzəştli gömrük rüsumu ilə daxil olur. Nəticədə azad zonada istehsal edilən məhsullar Azərbaycan mənşəli olmasına baxmayaraq, daxili bazarda idxal məhsullarından daha yüksək gömrük rüsumuna cəlb edilir. Bu uyğunsuzluq investisiya qərarlarının qəbuluna və yeni istehsal layihələrinin iqtisadi səmərəliliyinə mənfi təsir göstərir. Qanun layihəsində təklif olunan dəyişiklik məhz bu haqsız rəqabəti aradan qaldırmaqla azad zonada istehsal olunan yerli məhsulların daxili bazarda idxal məhsulları ilə bərabər rəqabət şəraitində fəaliyyət göstərməsini təmin edəcək. Azad zonada istehsal olunmuş seçilmiş malların əsas iqtisadiyyata gətirilməsi zamanı onların gömrük rüsumundan azad olunması dörd meyar - malların siyahısı, mənşəyi, idxal öhdəlikləri və müəyyən edilmiş müddət çərçivəsində nəzərdə tutulur. Bu güzəşt digər vergi öhdəliklərinə şamil edilmir. Həmin şərtlər mexanizmin sui-istifadə hallarından qorunmasını və dövlət dəstəyinin yalnız real iqtisadi nəticələr əldə edən müəssisələrə yönəldilməsini təmin edir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən