"Bəzi intiharların arxasında qumar borcları dayanır" - Fazil Mustafa

 13:04 30.06.2026     531

"Mən də hesab edirəm ki, bu, zəruri qanun layihəsidir. Cinayət Məcəlləsinin 208-ci maddəsinin ləğvi həm mövcud reallıqlardan, həm də dünyada baş verən proseslərdən irəli gəlir. Sahibkarlar ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir. Müharibə, siyasi gərginlik və ya iqtisadi qeyri-sabitlik şəraitində sahibkarın həbs olunması bütöv bir biznesin fəaliyyətinin dayanmasına səbəb ola bilər. Buna görə də həmin maddənin ləğvi müasir iqtisadi münasibətlərə uyğun addımdır və sahibkarlığın inkişafına əlavə dəstək verəcək".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Musata Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən səsləndirdi.

Onun sözlərinə görə, qanun layihəsində qumar fəaliyyəti ilə bağlı dəyişikliklər də mühüm əhəmiyyət daşıyır:

"Bu sahə müəyyən iqtisadi gəlir gətirsə də, insan həyatı, ailə dəyərləri və cəmiyyət üçün ciddi risklər yaradır. Ona görə də bu istiqamətdə məsuliyyət tədbirlərinin və sanksiyaların sərtləşdirilməsini məqsədəuyğun hesab edirəm. Bu yanaşma insanları həm belə fəaliyyətlərə investisiya qoymaqdan, həm də bu sahəyə cəlb olunmaqdan çəkindirə bilər. Bu yanaşma yalnız qumarla məhdudlaşmamalıdır. Məsələn, idman yarışları sağlam həyat tərzini təbliğ etdiyi halda, həmin yarışlarda enerji içkilərinin reklamının aparılması müəyyən ziddiyyət yaradır. Sağlamlığı təşviq edən tədbirlərdə insan sağlamlığı üçün zərərli ola biləcək məhsulların reklamına yenidən baxılması məqsədəuyğun olardı. Onu da qeyd etmək istəyirəm ki, son dövrlərdə gənclər və yeniyetmələr arasında baş verən bəzi intihar hadisələrinin arxasında qumar asılılığı və onun yaratdığı ağır borc yükü dayanır. Bir çox hallarda insanlar bu borcların öhdəsindən gələ bilmədikləri üçün ciddi psixoloji problemlərlə üzləşirlər. Buna görə də qumar fəaliyyətinə qarşı hüquqi mexanizmlərin gücləndirilməsi yalnız iqtisadi deyil, həm də sosial və mənəvi baxımdan vacib addımdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən