"İnsanlar pul ödəyir, amma nə mənzil alır, nə də hüququnu bərpa edə bilir" - Siyavuş Novruzov

 13:09 30.06.2026     478

"Sahibkarlıq mühiti ilə bağlı təqdim olunan qanun layihəsi mühüm əhəmiyyət daşıyır. Son illər ölkədə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən ardıcıl dəstək tədbirləri həyata keçirilir. Bununla yanaşı, sahibkarlıq mühitinin daha da təkmilləşdirilməsi üçün rəqabət mühitinin gücləndirilməsi, şəffaflığın artırılması və qanunvericiliyin səmərəli tətbiqi xüsusi əhəmiyyət kəsb edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən səsləndirdi.

O hesab edir ki, bu sahədə ən vacib məsələlərdən biri sahibkarlıq düşüncəsinin dəyişməsidir:

"Sahibkar hər hansı investisiya qoymazdan əvvəl layihəsini hazırlamalı, bazar araşdırması aparmalı, mümkün riskləri və gələcək perspektivləri qiymətləndirməlidir. Dünya təcrübəsində də uğurlu sahibkarlıq məhz belə formalaşır. Əvvəl araşdırma aparılır, proqnoz hazırlanır, yalnız bundan sonra investisiya qərarı verilir. Bizdə isə bəzən yanlış gözləntilər formalaşır. Bəzi sahibkarlar qoyduqları investisiyanı qısa müddətdə, hətta bir il ərzində geri qaytarmağı gözləyirlər. Halbuki beynəlxalq təcrübə göstərir ki, bir çox sahələrdə, xüsusilə sənayedə, aşağı mənfəət faizi ilə uzunmüddətli fəaliyyət normal və uğurlu biznes modeli hesab olunur. Yüksək və sürətli gəlir gözləntisi isə hər zaman real olmur.

Deputat qeyd etdi ki, digər mühüm məsələ sənədləşmə prosesidir. S.Novruzov hesab edir ki, bu sahədə nəzarət daha da gücləndirilməlidir:

"Təcrübədə elə hallar olub ki, çoxmənzilli yaşayış binalarında tikinti tam başa çatdırılmadan və hüquqi sənədləşmə düzgün aparılmadan mənzillər vətəndaşlara satılıb. Nəticədə insanlar böyük məbləğdə vəsait ödəsələr də, nə mənzillərini təhvil ala biliblər, nə də hüquqlarını tam şəkildə təmin etdirə biliblər. Belə halların qarşısını almaq üçün elə hüquqi və sənədləşmə mexanizmi yaradılmalıdır ki, tikinti şirkətləri öz öhdəliklərini yerinə yetirmədən mənzillərin satışı mümkün olmasın və vətəndaşların hüquqları etibarlı şəkildə qorunsun. Bu, həm sahibkarlıq mühitinə olan etimadı artıracaq, həm də vətəndaşların əmlak hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən