Milli Məclisdə sensasion açıqlama: "Darknet"də 10 milyondan çox qumar istifadəçisinin məlumatı satılıb

 13:13 30.06.2026     468

"Cinayət Məcəlləsinə təklif olunan, internet şəbəkəsi, sosial şəbəkə platformaları, mobil telekommunikasiya tətbiqləri və digər informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan dəyişiklik konseptual baxımdan virtual məkanda törədilən cinayətlərin qarşısının alınmasına və bu əməllərə görə cəzanın labüdlüyünün təmin edilməsinə xidmət edir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O vurğuladı ki, müasir dövrdə cinayətkarlığın strukturu və inkişaf meyilləri göstərir ki, mütəşəkkil cinayətkar qruplar və ayrı-ayrı şəxslər cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, virtual aktivlər sahəsində kiberdələduzluq və qanunsuz onlayn qumar oyunlarının təşkili məqsədilə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edirlər:

"Bu sahə artıq beynəlxalq miqyasda ciddi təhlükə yaradan tendensiyaya çevrilib. Nəzərə almaq lazımdır ki, virtual qumar oyunlarında iştirak edən şəxslər ciddi risklərlə üzləşirlər. Ən böyük təhlükələrdən biri onların fərdi və maliyyə məlumatlarının cinayətkar qruplar tərəfindən ələ keçirilməsi və qanunsuz məqsədlərlə istifadə olunmasıdır. Belə hallar əhəmiyyətli maliyyə itkilərinə, şəxsiyyət oğurluğuna və digər cinayətlərin törədilməsinə səbəb ola bilər. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı fərdi məlumatların toplanmasını, emalını və ötürülməsini xeyli asanlaşdırıb. Onlayn qumar oyunlarında iştirak edən şəxslər isə çox vaxt öz razılıqlarını verərkən bu məlumatların qanunsuz şəkildə istifadə oluna biləcəyinin fərqində olmurlar. Bu isə müxtəlif növ cinayətlərin törədilməsi üçün əlverişli şərait yaradır. Onlayn qumar iştirakçılarının şəxsi məlumatlarının yayılması xüsusilə təhlükəlidir. Bu məlumatlardan gələcəkdə çirkli pulların yuyulması, maliyyə dələduzluğu, oğurluq və digər qanunsuz əməllərin törədilməsi məqsədilə istifadə oluna bilər. Məsələn, bir müddət əvvəl internetin axtarış sistemləri tərəfindən indeksləşdirilməyən hissəsi olan "Darknet"də 10 milyondan çox onlayn qumar istifadəçisinin elektron poçt ünvanları, telefon nömrələri, yaşayış ünvanları və maliyyə məlumatları satışa çıxarılmışdı. Bu, problemin nə qədər ciddi olduğunu bir daha göstərir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən