1 İyul - Bakılılar Günü: Sakinlər Bakı haqqında nə deyir?

 13:12 01.07.2026     747

Bu gün – 1 iyul Bakılılar Günüdür.

Redaktor.az bu münasibətlə Bakı sakinləri arasında kiçik sorğu keçirib və onların Bakı ilə bağlı təəssüratlarını öyrənib.

68 yaşlı bakılı Akif dayı deyir ki, gözünü açandan bu şəhərdə yaşayır:

"Köhnə Bakını da görmüşəm, indiki Bakını da. Şəhər dəyişib, böyüyüb, amma mənim üçün yenə də doğma Bakı olaraq qalır. Ən çox sevdiyim yer Dənizkənarı Bulvardır. Vaxt tapanda mütləq gəlib dəniz kənarında gəzirəm, bu, mənə rahatlıq verir".

55 yaşlı Zemfira xanım uşaqlıq illərinin ən gözəl xatirələrinin Bakı ilə bağlı olduğunu söyləyir:

"Məhəllədə böyümüşük, qonşular bir ailə kimi olub. İndi də bu şəhərin hər küçəsi mənə nəyisə xatırladır. Bakı əvvəlkindən çox dəyişsə də, doğmalığını heç vaxt itirməyib. Burada yaşamaq mənə həmişə xoş olub".

Gənc yaşlı Orxan üçün Bakı hər gün yenidən kəşf etdiyi şəhərdir:

"Nə qədər burada yaşasam da, gəzməli, görməli yerləri bitmir. Ən çox bulvarı və İçərişəhəri sevirəm. Şəhərdə həm tarixi, həm də müasirliyi bir yerdə görmək mümkündür. Elə buna görə Bakı mənim üçün həmişə maraqlı şəhər olaraq qalır".

Əslən bakılı 74 yaşlı Tamara nənə isə deyir ki, başqa şəhərdə yaşamağı heç vaxt düşünməyib:

"Mən Bakıda doğulmuşam, burada ailə qurmuşam, övlad böyütmüşəm. Bakı mənim həyatımdır. Bu şəhərin hər dövrünü yaşamışam. İndi nəvələrimlə bulvara gələndə həm keçmişi xatırlayıram, həm də Bakının necə gözəlləşdiyini görürəm".

Bakı Dövlət Universitetinin II kurs tələbəsi Fidan isə əslən bakılı olmasa da, paytaxta xüsusi bağlılıq hiss etdiyini deyir:

"Mən bakılı deyiləm, amma bir neçə ildir Bakıda yaşayıram. Bu şəhərə çox öyrəşmişəm. Artıq Bakı mənə doğma gəlir. Burada həm təhsil alıram, həm də ən gözəl xatirələrimi toplayıram. Düşünürəm ki, insan yaşadığı şəhəri də zamanla öz doğma yurdu kimi sevməyə başlayır".

Onun sözlərinə görə, Bakı insanları mehriban və istiqanlıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən