"Azərbaycan səhiyyəsi tarixinin ən inkişaf dövrünü yaşayır" - Rəşad Mahmudov
"Bütün sahələrdə aparılan islahatlarla birlikdə son illərdə səhiyyə sahəsində xüsusi, bəlkə də, yüzillik Azərbaycan tarixinin ən inkişaf və tərəqqi dövrünü yaşayan səhiyyə islahatları mərhələsini yaşayırıq".
Redaktor.az xəbər verir ki, bu fikirləri I Beynəlxalq Türkdilli və Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresində deputat Rəşad Mahmudov bildirib.
O əlavə edib ki, bu islahatların fonunda ölkəmizdə bu şəkildə təşkil olunan tədbirlər, xüsusən də səhiyyə menecmenti sahəsində keçirilən tədbirlər çox təqdirəlayiq addımdır:
"Bunu həm də qanunvericilik orqanının nümayəndəsi kimi yüksək qiymətləndiririk. Müasir dövrdə səhiyyə artıq tək bir ölkənin daxili məsələsi deyil. Pandemiya, iqlim dəyişikliyi, demoqrafik dəyişikliklər, qeyri-infeksion xəstəliklərin artması, texnologiyanın sürətli inkişafı göstərir ki, səhiyyənin gələcəyi yalnız beynəlxalq əməkdaşlıq, bilik mübadiləsi və ortaq məsuliyyət prinsipləri üzərində qurula bilər. Məhz buna görə də bu kimi beynəlxalq konqreslər xüsusi əhəmiyyət daşıyır. Burada müxtəlif ölkələrin təcrübəsi paylaşılır, əlbəttə ki, yeni əməkdaşlıqlar yaranır və səhiyyənin gələcəyinə dair ortaq baxış formalaşır. Azərbaycan son illərdə səhiyyə sisteminin müasirləşdirilməsi, tibb təhsilinin inkişafı, rəqəmsal transformasiya və icbari tibbi sığorta sisteminin tətbiqi istiqamətində mühüm nailiyyətlər əldə edib. Bununla yanaşı, hesab edirik ki, davamlı inkişaf yalnız beynəlxalq əməkdaşlıq və qarşılıqlı öyrənmə ilə mümkündür".
NURİYYƏ













