"Yeni dövrdə xəstəxanalar artıq sadəcə müalicə yeri yox, idarəetmə mərkəzləridir" - Hakan Dinçyürek

 11:21 03.07.2026     330

"Elm və texnologiya dünyada çox sürətlə inkişaf edir. Bu texnoloji inkişafdan ən çox faydalanan sahələrdən biri səhiyyədir.

Redaktor.az xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının Səhiyyə Naziri Hakan Dinçyürek I Beynəlxalq Türkdilli və Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresində bildirdi.

O vurğuladı ki, səhiyyədəki sürətli inkişaf və dəyişiklik hər bir ölkənin öz vətəndaşlarına daha keyfiyyətli səhiyyə xidməti göstərməsində böyük üstünlük yaradır:

“Hər keçən gün daha effektiv, daha elmi və əməkdaşlığa əsaslanan səhiyyə xidmətləri təqdim olunur. Əməkdaşlıq dedim, çünki artıq dünyanın bir nöqtəsində əldə olunan yeniliklər çox qısa müddətdə geniş şəbəkə vasitəsilə dünyanın hər yerinə çatdırılır, yayılır və bu yeniliklərin digər ölkələrdə də eyni vaxtda tətbiq olunmasına imkan yaradır. Bütün bunlar ölkələrin səhiyyəyə qoyduğu investisiyaları sürətlə artırır və səhiyyə sahəsində dövlətlərin imkanlarını genişləndirir. Buna paralel olaraq, bizim ölkəmizdə də son 50 ildə görünməmiş həcmdə səhiyyə investisiyaları həyata keçirilir. Xəstəxanalar, sağlamlıq mərkəzləri, texnoloji avadanlıqlar yaradılır, həkimlərin təliminə xüsusi diqqət yetirilir.

Bir tərəfdən xəstəxanalar tikə, sağlamlıq mərkəzləri yarada bilərsiniz. Texnologiyanı izləyib onu ölkənizin səhiyyə sisteminə inteqrasiya edə bilərsiniz. Həkimlərimizi təlimə göndərərək bu texnologiyalardan daha səmərəli istifadə etmələrini təmin edə bilərsiniz. Lakin ən keyfiyyətli səhiyyə xidmətini təqdim etmək üçün bunlar kifayət deyil. Artıq xəstəxanalar da idarə olunan müəssisələrdir. Əgər səhiyyədə yüksək səviyyəli idarəetməyə malik deyilsinizsə, ən effektiv idarəetməni həyata keçirə bilmirsinizsə, etdiyiniz digər investisiyaların xəstəyə xidmət kimi çatdırılmasında, xəstə məmnuniyyətinin və xəstəni müşayiət edən şəxslərin məmnuniyyətinin təmin edilməsində arzu olunan nəticəyə nail ola bilməzsiniz. Buna görə də səhiyyənin idarə olunması artıq bu sahədə uğurun əsas amillərindən biri kimi bütün dünyada qəbul edilir, xüsusi əhəmiyyət verilir və bütün ölkələr öz imkanları çərçivəsində bu istiqamətə investisiya yatırırlar”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən