"Bir millətin üç dövləti olaraq ortaq ağrılar və sevinclər bizi daha da yaxınlaşdırır" - Hakan Dinçyürek
"Elm çox sürətlə inkişaf edir və insanlar öz təcrübələrini, biliklərini, bacarıqlarını bir-biri ilə bölüşdükcə bu zənginləşir və insanlığın faydasına xidmət edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek I Beynəlxalq Türkdilli və Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresində bildirib.
Onun sözlərinə görə, səhiyyə idarəçiliyi dünyada sürətlə inkişaf edən və səhiyyəyə qoyulan bütün investisiyaları mənalandıran, bu sahədə son nəticəni müəyyən edən əsas idarəetmə bacarıqlarından biridir:
"Bu mövzuda bölgədə ilk dəfə Beynəlxalq Səhiyyə İdarəçiliyi Konqresinin keçirilməsi çox əhəmiyyətlidir. Amma bizim üçün daha önəmli olan, ilk növbədə Azərbaycan olmaqla, iki dövlətin, bu dövlətləri təşkil edən ortaq millətin bilik və təcrübəsini, sevgisini və qardaşlığını bir araya gətirərək bunları paylaşmasıdır. Bizim üçün Azərbaycanın çox xüsusi yeri və əhəmiyyəti var. Keçmişdə yaşadığımız ortaq ağrılar və çətinliklər var. Bu, bir-birimizi daha yaxşı anlamağımıza kömək edir. Biz də işğal altında qaldıq, biz də zülm gördük, biz də burada yaşayan qardaşlarımız kimi kütləvi qətliamlara məruz qaldıq. İllər sonra biz də burada sizin yaşadıqlarınıza bənzər şəkildə azadlığımıza qovuşduq.
Buna görə də bir millətin üç dövləti olaraq, keçmişdən gələn bütün bağlarımızı dərk edərək, ortaq ağrıları və ortaq sevincləri yaşamış insanlar kimi bir-birimizə nə qədər çox dəstək olsaq, nə qədər çox paylaşsaq, nə qədər çox bir-birimizi dinləyib anlasaq, hamımızın daha gözəl gələcəyə doğru irəliləyəcəyinə inanıram. Biz burada olmağımızı sadəcə konqresdə iştirak və ya ona sədrlik etmək kimi qəbul etmirik. Biz bunu iki ölkənin bir-birinə olan inamının, sevgisinin və dəstəyinin göstəricisi kimi qiymətləndiririk. Buna görə də son dərəcə məmnunuq. Konqresin rəhbərliyinə və bu tədbirin keçirilməsinə töhfə verən hər kəsə təşəkkür edirəm."
NURİYYƏ













