“Səhiyyə heç vaxt tək bir insanın işi olmayıb” - Rəşad Mahmudov
“Səhiyyə heç vaxt tək bir insanın işi olmayıb”.
Redaktor.az xəbər verir ki, bu fikirləri I Beynəlxalq Türkdilli və Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresində deputat Rəşad Mahmudov dedi.
O vurğuladı ki, səhiyyə bir komandanın işidir və həmin komandanın gücü onun ən güclü üzvü ilə deyil, ən zəif halqası ilə müəyyən olunur.
“Məhz buna görə də səhiyyə təhsilindən danışarkən yalnız həkim hazırlığından söz açmırıq. Biz eyni zamanda tibb bacısından, mama-ginekoloqdan, laborantdan, fizioterapevtdən, əczaçıdan, biotibbi mühəndisdən, eləcə də səhiyyə sistemində görünən və görünməyən bütün əməkdaşlardan danışmalıyıq. Əslində biz insan həyatını qoruyan bütöv bir ekosistem formalaşdırmalıyıq. Hər bir tələbənin auditoriyada keçirdiyi vaxt təkcə onun gələcəyinə qoyulan investisiya deyil, həm də dövlətin insan kapitalına etdiyi ən böyük sərmayədir. Bu sərmayənin düzgün idarə olunması isə yalnız səhiyyənin deyil, eyni zamanda təhsil siyasətinin də cəmiyyət qarşısında daşıdığı mühüm mənəvi məsuliyyətdir.
Qədim dövrlərdən bu günə qədər tibb daim inkişaf edib və dəyişib. Bu gün isə daha sürətlə dəyişir. Süni intellekt ortaya çıxır, lakin bəzən insanlar onu qorxu mənbəyi kimi qəbul edirlər və onun zərər verəcəyini düşünürlər. Halbuki süni intellekt, əslində, insanın yəni təbii intellektin yaratdığı biliklərin avtomatlaşdırılmış emal formasıdır. Başqa sözlə, süni intellekt özlüyündə yeni bir elm yaratmır. O, sadəcə olaraq bizim yaratdığımız elmi biliklərin və məlumat bazalarının rəqəmsal texnologiyalar vasitəsilə daha sürətli və səmərəli istifadəsinə xidmət edir. Əgər bizim təbii intellektimiz, yəni yeni nəsillərin yetişməsi və onların düşüncə tərzinin formalaşması üçün yetərli təhsil mexanizmlərimiz olmazsa, əmin olun ki, bu sürətlə inkişaf edən texnologiyalar bizə faydadan çox, daha sürətli şəkildə səhvlər etməyə imkan yarada bilər”.
NURİYYƏ













