"Minlərlə insan kiçik məbləğlərlə müxtəlif layihələrin investoruna çevrilə bilir" - Deputat

 11:59 07.07.2026     372

"Yeni inkişaf mərhələsinə keçid müxtəlif maliyyə mexanizmlərinin formalaşdırılmasını zəruri edir. XXI əsrdə iqtisadi artım artıq yalnız makroiqtisadi göstəricilər, dövlət investisiyaları və ya iri maliyyə institutları üzərində qurulmur. Dünyada milyonlarla insan rəqəmsal platformalar vasitəsilə kiçik məbləğlərlə yeni ideyalara, innovativ layihələrə və sahibkarlıq təşəbbüslərinə sərmayə yatırır. Məsələn, kraudfandinqin mahiyyəti çox sadədir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında “Kraudfandinq haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışan parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirdi.

"Təsəvvür edək, gənc bir mühəndis yeni texnologiya hazırlayıb və ya bir fermer təsərrüfatını genişləndirərək məhsullarını bazara çıxarmaq istəyir. Onların perspektivli ideyaları var, lakin girov təminatı və ənənəvi maliyyə mənbələrinə çıxış imkanları məhduddur. Kraudfandinq isə belə layihələrə minlərlə insanın kiçik məbləğlərlə qoşulmasına şərait yaradır. Beləliklə, bir nəfərin təkbaşına reallaşdıra bilmədiyi layihə yüzlərlə, hətta minlərlə insanın birgə maliyyə dəstəyi ilə həyata keçirilir. Məhz buna görə də dünyanın aparıcı iqtisadiyyatlarında kraudfandinq innovasiyanın, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin maliyyələşdirilməsində mühüm alətlərdən biri hesab olunur. Azərbaycanın müasir iqtisadi inkişaf mərhələsi də qeyri-neft sektorunun genişlənməsini, kiçik və orta sahibkarlığın gücləndirilməsini tələb edir. Belə bir şəraitdə kraudfandinq haqqında ayrıca qanunun qəbul edilməsi zəruri addım kimi qiymətləndirilməlidir. Son 15 ildə dünya maliyyə bazarlarında baş verən ən mühüm yeniliklərdən biri məhz kraudfandinq modelinin formalaşmasıdır. Əvvəllər yeni biznes qurmaq istəyən şəxsin əsasən iki seçimi var idi: ya banka müraciət etməli, ya da imkanlı investor tapmalı idi. Bu gün isə yeni maliyyələşmə modeli yaranıb. Minlərlə insan kiçik məbləğlərlə müxtəlif layihələrin investoruna çevrilə bilir. Beynəlxalq təcrübənin təhlili göstərir ki, minlərlə texnologiya şirkəti, istehsal müəssisəsi, sosial layihə və ənənəvi biznes ilk maliyyəsini məhz kraudfandinq vasitəsilə əldə edib. Təsadüfi deyil ki, qlobal kraudfandinq bazarının həcmi son illərdə 100 milyard ABŞ dollarını ötüb", - deyə o qeyd etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən