"Vətəndaşlar ona inanmayacaqlarsa, sadəcə kağız üzərində qalacaq" - Deputat

 12:25 07.07.2026     402

"Hamımız yaxşı anlayırıq ki, ən mükəmməl qanun belə, vətəndaşlar ona etibar etməyəcək və inanmayacaqlarsa, sadəcə kağız üzərində qalacaq. Azərbaycan reallığında insanların yeni maliyyə alətlərinə qarşı təbii və əsaslı ehtiyatı var. Keçmişdə yaşanan acı təcrübələr, müxtəlif maliyyə piramidaları və son dövrlərdə ortaya çıxan saxta investisiya layihələri bu inamsızlığı daha da artırıb. Ona görə də bu qanunun uğurla işləməsi üçün ilk növbədə vətəndaşın "Mənim pulum necə qorunacaq?" sualına aydın və konkret cavab verilməlidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Müşfiq Cəfərov “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə danışarkən səsləndirdi.

Onun sözlərinə görə, dünyada kraudfandinqi uğurlu edən təkcə onun rəqəmsal platforma olması deyil, insanların bu sistemə bəslədiyi etibar və inamdır:

"Bu baxımdan iki maraqlı beynəlxalq təcrübəni diqqətinizə çatdırmaq istərdim. Birinci nümunə Malayziyadır. Malayziya kraudfandinqi hüquqi çərçivədə tənzimləyən ilk Uzaq Şərq ölkələrindən biridir. Burada platformada layihə yerləşdirmək istəyən hər bir sahibkarın kommersiya fəaliyyəti, məhkəmə tarixçəsi, hətta sosial media reputasiyası belə maliyyə nəzarəti çərçivəsində qiymətləndirilir. Ən kiçik risk aşkar edildiyi halda, layihənin platformada yerləşdirilməsinə icazə verilmir. Nəticədə vətəndaş əmin olur ki, dövlət tərəfindən icazə verilmiş platformalarda saxtakarlıq riski minimuma endirilib. İkinci nümunə Fransadır. Fransada kraudfandinq platformaları vasitəsilə vəsait toplayan şirkətlər xərclənən hər bir vəsait barədə ictimaiyyət qarşısında hesabat verməyə borcludurlar. Toplanan vəsaitin hansı istiqamətə sərf edildiyi vizual qrafiklər və hesabatlar şəklində platformada dərc olunur. Bu isə şəffaflığı artırır, şəffaflıq isə etibarı, etibar isə investisiya axınını gücləndirir".

Deputat qanunun Azərbaycanda necə işləyəcəyindən də bəhs etdi:

"Qanun layihəsində etibar mexanizminin formalaşdırılması üçün üç əsas istiqamət nəzərdə tutulur. Birincisi, ciddi dövlət nəzarətidir. Hər kəs istədiyi kimi kraudfandinq platforması yarada bilməyəcək. Platforma operatorları Mərkəzi Bankın reyestrinə daxil ediləcək, onların təsisçilərinin və benefisiar mülkiyyətçilərinin işgüzar nüfuzu ciddi şəkildə yoxlanılacaq.

İkincisi, qorunan hesablar mexanizmidir. Vətəndaşın yatırdığı vəsait birbaşa sahibkara köçürülmür. Pul xüsusi hesabda saxlanılır. Layihə nəzərdə tutulan maliyyəni toplaya bilmədikdə, yaxud sahibkar layihədən imtina etdikdə və ya fəaliyyətini dayandırdıqda vəsait avtomatik olaraq investora geri qaytarılır. Beləliklə, vəsaitin toplanması və istifadəsi hüquqi mexanizmlərlə qorunur.

Üçüncüsü, investorun qərar vermək hüququnun qorunmasıdır. Əgər vətəndaş emosional təsirlə investisiya qərarı veribsə, qanun ona müəyyən müddət ərzində heç bir cərimə və ya əlavə öhdəlik olmadan bu qərardan imtina etmək imkanı yaradır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən