Süni intellekt dövlət idarəçiliyinə gəlir - Deputatdan AÇIQLAMA
"19-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının iclasının keçirilməsi və orada qaldırılan məsələlər, mənə elə gəlir ki, dövlət idarəetməsinin optimallaşdırılması, vahid mərkəzdən idarə olunması və dövlət xidmətlərinin daha əlçatan və səmərəli göstərilməsi istiqamətində atılan mühüm addımdır. Bu, faktiki olaraq dövlət idarəçiliyində yeni bir eranın başlanğıcı hesab olunmalıdır. Çünki müasir texnologiyaların tətbiqi idarəetmə prinsiplərini, dövlət-vətəndaş münasibətlərini də yeni keyfiyyət mərhələsinə gətirir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Hikmət Məmmədov "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxışı zamanı səsləndirdi.
O qeyd etdi ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər edilsə də, mahiyyət etibarilə bu, demək olar ki, yeni bir qanun layihəsi qədər əhəmiyyətlidir:
"Çünki burada çox mühüm yeniliklər öz əksini tapır, yeni terminlər və yeni idarəetmə mexanizmləri müəyyən edilir. Bu baxımdan dəyişikliklərin əhəmiyyəti olduqca böyükdür. Süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi, kibertəhlükəsizlik məsələlərinin həlli, gələcəkdə ayrıca qanunlarla tənzimlənə biləcək vahid məlumat bazalarının və data mərkəzlərinin yaradılması da layihədə öz əksini tapır. Əgər biz informasiya təhlükəsizliyini dövlət suverenliyinin mühüm tərkib hissəsi hesab ediriksə və informasiya məkanının qorunmasını fiziki sərhədlərin qorunması qədər vacib sayırıqsa, data mərkəzlərinin yaradılması və onların effektiv idarə olunması xüsusi əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, bu, artıq qlobal xarakter daşıyan istiqamətdir. Müasir informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biri data analitikasının inkişafıdır. Bu, yalnız məlumatların toplanması və mühafizəsi deyil, həm də onların təhlili, emalı və gələcəkdə daha səmərəli istifadə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə "Milli Ödəniş Sistemi" platformasının daha da inkişaf etdirilməsi, ondan istifadənin genişləndirilməsi və rəqəmsal cəmiyyətin formalaşdırılması istiqamətində görülən işlər də xüsusi əhəmiyyət daşıyır. İndi isə süni intellektin tətbiqi məsələsinə gələk. Doğrudan da, biz çox maraqlı və tarixi bir mərhələyə qədəm qoymuşuq".
NURİYYƏ













