Deputatdan Rafael Fiziyevin oktaqona mərsiyə ilə çıxmasına SƏRT REAKSİYA

 13:13 07.07.2026     564

"Son dövrlərdə süni şəkildə həm cənubdan, həm qərbdən, eləcə də müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlıların olduğu mühitlərdən ölkəmizə ideoloji təsir göstərməyə yönəlmiş addımlar atılır. Təəssüf ki, bəzən bu məsələlərə ölkə daxilində də kifayət qədər həssas yanaşılmır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirdi.

"Məsələn, yaxınlarda keçirilən qaydasız döyüş yarışlarından birində Azərbaycanı təmsil edən idmançının milli musiqi sədaları altında deyil, dini məzmunlu mərsiyə sədaları altında meydana çıxmasının şahidi olduq. Yarış zalında da həmin sədalar səslənirdi və bunun vasitəsilə müəyyən dini-ideoloji mesajlar verilirdi. İdmançı qələbə qazandıqdan sonra da Azərbaycan bayrağı ilə yanaşı, başqa ölkələrdə populyar olan dini-ideoloji şüarlar səsləndirirdi. Biz isə bunları sadəcə müşahidə edirik.

Əgər bu cür halların sayı addım-addım artarsa, gələcəkdə Azərbaycanın dünyəvi dövlət prinsipinin mahiyyətinə zərbə vurulması ciddi problemə çevrilə bilər. Ona görə də informasiya ilə bağlı qanunvericilikdə, xüsusilə rəqəmsal media texnologiyalarının tənzimlənməsi zamanı bu prinsipin qorunması məsələsinə də xüsusi həssaslıqla yanaşılmalı və bu istiqamətdə zəruri mexanizmlər nəzərdə tutulmalıdır", - deyə o qeyd etdi.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Rafael Fiziyev UFC Fight Night Baku turnirinin əsas döyüşündə meksikalı Manuel Torresi ikinci raundda nokaut edərək qələbə qazanıb. Fiziyevin oktaqona mərsiyə sədaları altında çıxması isə turnirin ən çox müzakirə olunan məqamlarından biri olub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən