Bir saatlıq gecikmə belə Azərbaycana baha başa gələ bilər - Fazil Mustafa
"Rəqəmsal texnologiyalar sahəsində atılan addımlarda artıq əvvəlki kimi beş il, on il gecikməni sonradan bərpa etmək mümkün deyil. Bu sahədə bir gün, hətta bir saat geridə qalmaq belə ölkənin digər dövlətlərlə rəqabət qabiliyyətinə ciddi təsir göstərir. Ona görə də bu qanun layihəsi olduqca vacibdir".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxışı zamanı bildirdi.
"Onun əhəmiyyətini göstərən əsas amillərdən biri də ötən günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə cavabdeh qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədir. Həmin müşavirədə rəqəmsal inkişafın əhəmiyyəti xüsusi vurğulandı. Ardınca vaxt itirilmədən bu qanun layihələrinin hazırlanması onu göstərir ki, dövlət artıq bu məsələyə prioritet istiqamət kimi yanaşır. Bu həm də ona görə vacibdir ki, bizim informasiya məkanımızın təhlükəsizliyinə, hörmətli Zahid müəllimin də qeyd etdiyi kimi, sərhədlərin tanklarla qorunması prizmasından baxmaq olmaz. Bu gün artıq heç kimə sirr deyil ki, Azərbaycanın informasiya məkanı hər gün müxtəlif ölkələrin informasiya hücumlarına məruz qalır. Bu informasiya hücumları isə bəzən hiss etmədən ölkəmizin strateji sahələrinə ciddi təsir göstərir. Ona görə də bu təhlükələrin qarşısını almaq üçün məhz rəqəmsal təhlükəsizlik sistemimizi gücləndirməliyik. Burada xüsusilə rəqəmsal təhqiqat məsələsi böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür. Lakin icazə verin, bir məqama da toxunum. Qanun layihəsində əsasən dövlət tərəfindən müəyyən edilən qurumlardan bəhs olunur. Halbuki xarici ölkələrin təcrübəsi göstərir ki, bu sahəyə çoxsaylı qeyri-hökumət təşkilatlarının da cəlb edilməsi vacibdir. Mən hesab edirəm ki, qanunvericilikdə bu məsələyə də yer verilməlidir. Hüquqi, iqtisadi və rəqəmsal təhlillər sahəsində həmin təşkilatlar mühüm töhfələr verə, tənzimləyici mexanizmlərin həyata keçirilməsində fəal iştirak edə bilərlər. Bu baxımdan onların kənarda qalması düzgün olmaz. Əksinə, yeni ixtisaslaşmış QHT-lərin yaranmasına və fəaliyyətinə dəstək göstərilməsi məqsədəuyğun olardı", - deyə o qeyd etdi.
NURİYYƏ













