Kiberhücumlar insan həyatını təhlükəyə ata bilər - Deputatdan AÇIQLAMA

 13:19 07.07.2026     388

"Maliyyə və rəqəmsal transformasiyanın sürətləndiyi, kiber təhdidlərin isə getdikcə mürəkkəbləşdiyi müasir dövrdə bu qanun layihəsi ölkəmizin informasiya təhlükəsizliyinin hüquqi əsaslarının təkmilləşdirilməsinə xidmət edən mühüm sənəddir. Bu gün informasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil. O, milli təhlükəsizliyin, iqtisadi sabitliyin, dövlət idarəçiliyinin və vətəndaş hüquqlarının qorunmasının ayrılmaz tərkib hissəsinə çevrilib. Dövlət xidmətlərindən bank əməliyyatlarına, səhiyyədən təhsilə qədər bütün sahələr rəqəmsal platformalara əsaslanır. Deməli, həmin platformaların təhlükəsizliyi də dövlətin strateji prioritetlərindən biri olmalıdır".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Müşfiq Məmmədli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, qanun layihəsinin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə olaraq informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, kritik informasiya infrastrukturu, milli CERT, kiberinsident, rəqəmsal təhqiqat və rəqəmsal dəlil kimi anlayışlar vahid hüquqi sistem daxilində dəqiq müəyyən edilir və onların tətbiq dairəsi tənzimlənir:

"Xüsusilə qeyd edilməli məqamlardan biri ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması ilə bağlı ayrıca hüquqi mexanizmlərin müəyyən edilməsidir. Bu, energetika, nəqliyyat, rabitə, maliyyə, səhiyyə və digər strateji sahələrin dayanıqlığının artırılması baxımından olduqca vacibdir. Mən Səhiyyə Komitəsinin üzvü kimi xüsusilə qeyd etmək istərdim ki, səhiyyə sektoru hazırda ən mühüm informasiya sistemlərindən biridir. Elektron səhiyyə kartları, laborator məlumat bazaları, icbari tibbi sığorta sistemləri və teletibb xidmətləri kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını zəruri edir. Səhiyyə sisteminə yönələn kiberhücumlar yalnız məlumat itkisinə deyil, bəzən insanların həyat və sağlamlığı üçün də real təhlükə yarada bilər. Bu baxımdan layihənin müvafiq müddəaları səhiyyə sisteminin rəqəmsal dayanıqlığının gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir".

Deputat qeyd etdi ki, digər mühüm yenilik rəqəmsal inkişaf layihələrinin idarə edilməsi və maliyyələşdirilməsi üzrə vahid yanaşmanın tətbiq edilməsidir:

"Bu yanaşma dövlət vəsaitlərindən daha səmərəli istifadə olunmasına, layihələrin təkrarlanmasının qarşısının alınmasına və rəqəmsal inkişaf sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasına xidmət edəcək. Layihədə tənzimləyici sınaq mühitinin, yəni "regulatory sandbox" mexanizminin nəzərdə tutulmasını da müsbət qiymətləndirirəm. Bu mexanizm innovativ rəqəmsal həllərin və süni intellekt texnologiyalarının təhlükəsiz şəkildə sınaqdan keçirilməsinə, yeni texnologiyaların daha sürətlə tətbiqinə imkan yaradacaq. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycanın inkişaf strategiyasına, milli kibertəhlükəsizlik siyasətinə və dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlara tam uyğundur. Birinci oxunuşda biz layihənin konseptual tərəfini müzakirə edirik. Mən layihənin ümumi fəlsəfəsini, məqsədini və strateji istiqamətlərini tam dəstəkləyirəm. Hesab edirəm ki, ikinci oxunuşa qədər bəzi texniki xarakterli məsələlər daha da təkmilləşdirilə bilər. Lakin konseptual baxımdan bu layihə ölkəmizin informasiya və kibertəhlükəsizlik sisteminin yeni mərhələyə yüksəlməsi üçün mühüm hüquqi baza yaradır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən