"6-9 aya qədər uzanan proseslər xəstəxanaları çətin vəziyyətə salır" - Rəşad Mahmudov səhiyyədəki problemi AÇIQLADI
"Bizə təqdim olunan qanun layihəsi təbii ki, birmənalı olaraq müsbət qiymətləndirilməlidir və mən bu dəyişikliyi yüksək dəyərləndirirəm. Son illərdə dövlət satınalmaları sahəsində aparılan islahatlar və bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir. Lakin praktik səhiyyə sahəsində çalışan bir şəxs kimi qeyd edə bilərəm ki, dövlət satınalmaları sahəsində, xüsusən də tibbi məhsulların, dərman vasitələrinin və yüksək texnologiyalı tibbi avadanlıqların satınalma mexanizmlərinin səhiyyənin spesifik xüsusiyyətlərinə uyğunlaşdırılması artıq dövrün tələbinə çevrilib".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Rəşad Mahmudov "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxışı zamanı bildirdi.
O vurğuladı ki, son illər ölkədə icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində yeni maliyyələşmə modeli formalaşıb:
"Bu modelin əsas fəlsəfəsi nəticəyə və performansa əsaslanan rəqabət mühitinin yaradılmasıdır. Xəstəxanalar göstərdikləri xidmətin keyfiyyətinə görə maliyyələşir və daha yaxşı nəticələr əldə etmək üçün daha səmərəli idarə olunmalıdır. Lakin praktikada dövlət satınalmaları mexanizminin prinsipləri ilə bu məqsədlər və səhiyyə sistemi arasında müəyyən uyğunsuzluqlar mövcuddur.
Bu gün dövlət xəstəxanalarının demək olar ki, hamısı eyni problemlə qarşılaşır. Satınalma prosesləri bəzən 3 ay müddətinə planlaşdırıldığı halda, 6, 8, hətta 9 aya qədər uzanır. Nəticədə xəstəxanaların gündəlik fəaliyyəti çətinləşir, tibbi xidmətlərin fasiləsizliyi risk altına düşür.
Digər mühüm məsələ isə ondan ibarətdir ki, tibbi məhsullar və dərman vasitələri adi istehlak malları deyil. Onların keyfiyyəti yalnız sənədlərlə deyil, klinik nəticələrlə də qiymətləndirilir. Bəzən uzunmüddətli satınalma prosedurundan sonra alınan məhsullar praktik istifadədə gözlənilən nəticəni vermir. Nəticədə xəstəxanalar üçün külli miqdarda alınmış məhsullar istifadəsiz qalır, geri qaytarılması mümkün olmur və alternativ istifadəsi olmadığı üçün tələf edilir. Bu isə həm həkimin peşəkar seçim imkanını məhdudlaşdırır, həm də nəticə etibarilə xəstələr və dövlət vəsaiti üçün ciddi risklər yaradır.
Əslində isə icbari tibbi sığorta sistemi xəstəxanalara ən optimal qiymətə, ən yüksək keyfiyyətli məhsulu seçmək imkanı yaratmalıdır. Çünki səhiyyədə əsas rəqabət qiymət uğrunda deyil, müalicənin nəticəsi uğrundadır".
Millət vəkili hesab edir ki, tibbi məhsullar, dərman vasitələri və yüksək texnologiyalı tibbi avadanlıqlar üzrə satınalma mexanizmlərinə ayrıca yanaşılmalıdır.
"Bu sahədə çeviklik, keyfiyyət, klinik effektivlik və xəstə təhlükəsizliyi meyarları daha geniş nəzərə alınmalıdır.
Mən hesab edirəm ki, bu problem ayrı-ayrı qurumların fəaliyyəti ilə məhdudlaşmır. Bu, müxtəlif dövlət qurumlarının səlahiyyətlərinin kəsişdiyi və koordinasiyalı yanaşma tələb edən sistem xarakterli məsələdir. Satınalmaların təşkili, maliyyələşmə, xəzinədarlıq nəzarəti və tibb müəssisələrinin idarə olunması müxtəlif dövlət institutlarının səlahiyyətlərinə aid olduğundan, bu istiqamətdə aparılacaq islahatlar yalnız qarşılıqlı əməkdaşlıq və vahid yanaşma əsasında uğurlu nəticə verə bilər.
Ümid edirəm ki, gələcəkdə aidiyyəti dövlət qurumları, Milli Məclisin müvafiq komitələri və səhiyyə ictimaiyyəti birlikdə bu istiqamətdə daha çevik, daha səmərəli və səhiyyənin spesifik xüsusiyyətlərinə uyğun satınalma mexanizmlərinin hazırlanmasına nail ola biləcəklər", - deyə o yekunlaşdırdı.
NURİYYƏ













