"Xarici mənbələrdən maliyyələşən qurumlarla bağlı nəzarət güclənməlidir" - Deputat
"Müzakirəyə təqdim olunan qanun layihəsi hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, xüsusilə də xarici təsir cəhdlərinin qarşısının alınması və ölkənin daxili sabitliyinin qorunması məqsədi daşıyır. Biz də bu qanun layihəsini konseptual baxımdan dəstəkləyirik".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Müşfiq Məmmədli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.
Onun sözlərinə görə, bəzi hallarda müxtəlif hüquqi şəxslər və qeyri-hökumət təşkilatları xarici mənbələrdən maliyyələşirlər:
"Bu, həmçinin xüsusi təyinatlı məhsulların və digər strateji əhəmiyyət daşıyan malların satın alınması sahəsində də müşahidə oluna bilər. Belə hallarda həmin fəaliyyətin şəffaf və qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, xarici təchizatçılar və tərəfdaşlar ölkə daxilində fəaliyyət göstərərkən milli qanunvericiliyin tələblərinə tam əməl etməli, zəruri icazə və razılıqları əldə etməlidirlər. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi də məhz dövlətin tənzimləyici mexanizmlərini gücləndirməyə, maliyyələşmə prosesinin şəffaflığını təmin etməyə və bu sahədə hüquqi boşluqları aradan qaldırmağa xidmət edir. Bu baxımdan məlumatların qorunması, maliyyə axınlarının izlənilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, üçüncü oxunuşadək layihənin bəzi müddəalarının daha da təkmilləşdirilməsini məqsədəuyğun hesab edirəm.
İlk növbədə düşünürəm ki, qanunvericilikdə daxili və xarici tərəfdaşlar arasında əməkdaşlığın hüquqi əsasları daha dəqiq müəyyənləşdirilməlidir. Bu istiqamətdə beynəlxalq təcrübənin, xüsusilə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələrinin nəzərə alınması hüquqi tənzimləmənin daha səmərəli qurulmasına xidmət edər. İkinci mühüm məsələ vergi bazasının və maliyyə uçotu sisteminin daha da təkmilləşdirilməsidir. Şəffaf uçot mexanizmlərinin formalaşdırılması, beynəlxalq audit standartlarının tətbiqi və audit qurumlarının fəaliyyətinin gücləndirilməsi həm maliyyə intizamının, həm də nəzarət mexanizmlərinin effektivliyini artıracaq. Hesab edirəm ki, bu qanun layihəsi dövlət maraqlarının qorunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi və hüquqi mexanizmlərin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən qanun layihəsini dəstəkləyirəm və onun qəbulunun ölkəmizdə hüquqi tənzimləmənin daha da güclənməsinə töhfə verəcəyinə inanıram".
NURİYYƏ













