"Ərzaq təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsidir" - Deputat
"Bu gün müzakirə etdiyimiz "Toxumçuluq haqqında" qanun layihəsi ölkəmizdə aqrar sahənin inkişafına müsbət təsir edəcək və strateji əhəmiyyət daşıyan çox mühüm sənəddir. Bildiyiniz kimi, ərzaq təhlükəsizliyi artıq təkcə kənd təsərrüfatının əsas məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir. Qlobal iqlim dəyişiklikləri, beynəlxalq bazarlarda baş verən proseslər və ərzaq qiymətlərindəki artımlar göstərir ki, kənd təsərrüfatının inkişafı strateji yanaşmalardan asılıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar İskəndərov “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirdi.
Onun sözlərinə görə, təqdim olunan qanun layihəsində pambıq sahələrinin dövlət tərəfindən subsidiyalaşdırılması sistemi öz əksini tapıb:
"Həmçinin sertifikatlaşdırma sisteminin tətbiqi, pambıq istehsalının təşkili və sığorta sisteminin tətbiqi ilə bağlı məsələlər də layihədə öz əksini tapmışdır. Hesab edirəm ki, bu yanaşma həm kənd təsərrüfatı ilə məşğul olanların fəaliyyətinə, həm də pambıqçılığın inkişafına, məhsuldarlığın artmasına və idxaldan asılılığın azalmasına böyük töhfə verəcək. Qanun layihəsini müzakirə edərkən regionlarımızın potensialını xüsusi vurğulamaq lazımdır. Mənim təmsil etdiyim Şəki rayonu kənd təsərrüfatı sahəsində mühüm rola malikdir. Kənddə çalışan hər bir kəndli yaxşı bilir ki, pambıq məhsulunun əsası torpağın düzgün hazırlanmasından və keyfiyyətli toxumdan asılıdır. Məhz bu baxımdan, bu qanun layihəsi yalnız dəstək mexanizmi deyil, həm də yerli istehsalın inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd insanının rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, qanun layihəsində aqrar sektorda bu sahəyə daha çox gəncin cəlb olunmasının təşviq edilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və innovativ istiqamətlərin inkişafı üçün şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu isə həm ölkədə pambıqçılığın inkişafına, həm də gələcəkdə Azərbaycanın pambıq ixracı potensialının güclənməsinə kömək edəcəkdir".
NURİYYƏ













