"Balıqları qoruya bilməsək, sabah gec olacaq" - Razi Nurullayev

 13:10 10.07.2026     349

"Uzun illərdir ölkəmizdə balıq ehtiyatlarının idarə olunması sahəsində ciddi problemlər yaşanır. Bəzi çaylarımızda, göllərimizdə və dəniz sahillərində nəzarətsizlik və qanunsuzluq nəticəsində təbii ehtiyatlar və ekoloji mühitə ciddi ziyan dəyib. Elə mexanizmlər qurulmalı, elə cərimələr və qaydalar tətbiq olunmalıdır ki, bu halların qarşısını almaq mümkün olsun".

Redaktor.az xəbər verir ki, bu fikirləri Razi Nurullayev Milli Məclisin iclasında "Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, qanunsuz ovlamanın da müxtəlif növləri var:

"Qanun layihəsində artıq çoxdan qadağan olunmuş vasitələrlə ovlanma, eləcə də qadağan olunmuş üsullardan və kimyəvi maddələrdən istifadə halları öz əksini tapıb. Elə üsullar mövcuddur ki, onlar təkcə balıqları deyil, bütövlükdə su ekosistemini məhv edir. Körpə balıqların tutulması isə gələcək balıq ehtiyatlarının azalmasına və su canlılarının məhvinə səbəb olur. Hesab edirəm ki, bu cərimələr qısa müddətdə tətbiq edilməlidir. Qanunsuz ovlama təkcə iqtisadi məsələ deyil, eyni zamanda ərzaq təhlükəsizliyi, ekologiyanın qorunması və gələcək nəsillərin hüquqlarına münasibətdə məsuliyyət məsələsidir. Əgər bu gün balıq ehtiyatlarını qoruya bilməsək, sabah bunun ciddi fəsadları ilə qarşılaşacağıq. Bu baxımdan qanunun tətbiqi olduqca vacibdir. Qanun layihəsinin üstün cəhətlərindən biri də odur ki, burada balıq ehtiyatlarının idarə olunması, akvakulturanın inkişafı və bərpası, bu sahədə qaydaların müəyyən edilməsi, eləcə də dövlət nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Bunlar müsbət qiymətləndirilməlidir. Amma təkcə yaxşı qanun layihəsinin qəbul edilməsi kifayət deyil. Əsas məsələ onun icrasıdır. Qanunsuz ov edənlər, elektrik cərəyanı ilə balıq ovlayanlar, qadağan olunmuş dövrlərdə ov edənlər bilməlidirlər ki, cəza qaçılmazdır.

Nəzarət müasir texnologiyalar əsasında qurulmalı, su hövzələrində effektiv monitorinq aparılmalı, ictimai nəzarət və maarifləndirmə tədbirləri də bu prosesin ayrılmaz hissəsi olmalıdır. Eyni zamanda, qeydiyyat sistemləri tətbiq edilməli, elektron və rəqəmsal platformalardan istifadə genişləndirilməli, xəbərdarlıq və digər preventiv mexanizmlər vasitəsilə bu sahədə nəzarət daha da gücləndirilməlidir. Bu da cərimələrin tətbiqinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəkdir. Əgər bu qanun ardıcıl və şəffaf şəkildə tətbiq edilsə, həm balıq ehtiyatlarımızın bərpasına kömək edəcək, həm də gələcək nəsillərə daha sağlam ekoloji mühit, daha zəngin təbii sərvətlər miras qoymağa, dənizlərimizi və çaylarımızı təmiz və təhlükəsiz saxlamağa xidmət edəcəkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən