"Transsərhəd çayların çirkləndirilməsi su biomüxtəlifliyinə ciddi zərər vurur" - Pərvanə Vəliyeva

 14:32 10.07.2026     499

"Azərbaycanın şirin su ehtiyatlarının təxminən 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Bu baxımdan ölkənin su təhlükəsizliyi regiondakı hidroloji vəziyyət və transsərhəd su mənbələrinin vəziyyəti ilə birbaşa bağlıdır".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Milli Məclisin iclasında çıxışı zamanı bildirib.

O, bildirib ki, Ermənistan ərazisində aparılan mədənçilik fəaliyyəti nəticəsində bəzi transsərhəd çaylarda ciddi kimyəvi çirklənmə müşahidə olunur. Onun sözlərinə görə, su axınlarının çirkləndirilməsi yalnız ekoloji tarazlığı pozmur, eyni zamanda su biomüxtəlifliyinin məhvinə səbəb olur.

Deputat Oxçuçayda müşahidə olunan ekoloji problemlərə diqqət çəkərək bildirib ki, bu məsələ BMT-nin Ətraf Mühit Proqramının 2022-ci il hesabatında da öz əksini tapıb.

O vurğulayıb ki, Azərbaycan “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” 1992-ci il BMT Konvensiyasına və onun müvafiq Protokoluna qoşulub. Lakin Ermənistanın həmin beynəlxalq sənədlərə qoşulmaması və Espoo Konvensiyasının tələblərini yerinə yetirməməsi transsərhəd ekoloji məsələlərdə problemlər yaradır.

P.Vəliyeva Ermənistanın biomüxtəliflik üzrə COP17-yə ev sahibliyi etmək niyyətinə də toxunaraq, bu istiqamətdə ekoloji öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Deputat qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndirib. O bildirib ki, sərhədi keçən su obyektləri balıqçılıq obyekti kimi müəyyən edildiyi üçün qanunun beynəlxalq əməkdaşlığa dair müddəalarında həmin suların xüsusi mühafizəsi də nəzərə alınmalıdır.

Pərvanə Vəliyeva 2024-cü ildə Cinayət Məcəlləsinə “ekosid” anlayışının əlavə edildiyini xatırladaraq, transsərhəd su axınlarının və bioresursların məhvinə görə xüsusi hüquqi məsuliyyət mexanizminin yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu, gələcəkdə su ekosistemlərinə zərər vuran fəaliyyətlərə qarşı hüquqi mübarizədə mühüm rol oynaya bilər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən