Qurd sağlam meyvəni deşə bilmir – Ekspert meyvələrlə bağlı maraqlı faktlar AÇIQLADI
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc yerli məhsulların əvvəlki dadını itirməsindən danışıb. Onun sözlərinə görə, bunun səbəblərindən biri yüksək məhsuldarlıq naminə yerli sortların tədricən hibrid sortlarla əvəz olunmasıdır.
Kənd təssərüfatı eksperti Vahid Məhərrəmov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, 12-13 il bundan əvvəl deputat Zahid Orucun və digər bir neçə deputatın iştirak etdiyi bir tədbir keçirilmişdi:
"Zahid Oruc orada dedi ki, Azərbaycanda genetik modifikasiya olunmuş alma və digər meyvələr var. Belə baxırsan, çox eybəcərdir, dadı yoxdur, dedi ki, "o meyvələri almayın". Deputat Eldar İbrahimov da Zahid Orucun fikri ilə razılaşdı. O deyirdi ki, rəhmətlik nənəm mənə deyirdi ki, "sən qurd yeyən almanı ye, o təmiz olur". Qurd o meyvəni yeyir ki, o meyvə zəif bitkinin meyvəsi olur. Yəni, o meyvənin üst hissəsində o pərdə zəif olduğu üçün qurd asanlıqla onu deşib girə bilir. Sağlam bitkinin sağlam meyvəsi olur və sağlam meyvəni qurd deşə bilmir, ona görə ki, pərdəni deşib girə bilmir içinə".

Həmsöhbətimizin sözlərinə görə, meyvələrin dadının dəyişməsi onunla bağlı deyil ki, hansısa hibriddən istifadə olunur:
"Hibrid nədir? Hibrid ən yaxşı sortlardan alınmış toxum materialıdır. Sadəcə, bizdə aqrotexniki qaydalara lazımınca əməl edə bilmirlər. Torpaqlarımızda element çatışmazlığı var, bitki zəif olur. Bitki zəif olur, zəif də qidalanır və formalaşanda meyvənin tərkibində elementlər kifayət qədər olmur. Ona görə də meyvənin dadında fərq olur, xarici görünüşündə fərq olur, əyri olur. Türkiyədə və digər Avropa ölkələrində səfərlərdə olmuşam. Orada hibriddən alınan meyvələr olduqca dadlı-ləzzətlidir. Onu da bilmirlər ki, meyvə o vaxt şirin olur ki, onun tərkibində nitrat çox olur. Artıq Avropa standart müəyyən edib, necə olmalıdır. Təkcə bitkinin sortundan yox, hansı regionda yetişməsindən və günəşli günlərin də sayından çox şey asılıdır".
Ekspert vurğuladı ki, son vaxtlar iqlim dəyişikliyi baş verib, bunu əksər adamlar hiss etmirlər:
"Kəskin olaraq hava dəyişir. Bəzən intensiv yağışlar yağır, havanın temperaturu düşür. Bitkidə fotosintez prosesi normal, əvvəlki kimi getmir. Torpaqda elementlərin kifayət qədər olmaması, hava şəraitinin bitki üçün uyğun olmaması, yəni əgər hava tez-tez dəyişirsə, bitki stresə məruz qalır. Bu problemlər var. Eyni zamanda zərərvericilər geniş yayılıb, xəstəliklər geniş yayılıb. Bu da bitkini stresə məruz qoyur. Yəni çoxsaylı faktorlar var ki, əvvəlki illərdən fərqlidir. Məsəl üçün, mənim uşaqlıq ilim yadıma gəlir. O vaxtdan indiyə vəziyyət xeyli dəyişib. Təbiətdə dəyişiklik var, torpaqda dəyişiklik var, aqrotexnikada dəyişiklik var. Amma istənilən vaxt daha məhsuldar, daha keyfiyyətli məhsul əldə etmək üçün yeni sortlar yaratmaq o qədər də problem deyil. Sadəcə, onun şəraiti olmalıdır. Şərait də get-gedə pisləşir. Yaxşı olar ki, proseslər laboratoriyada yoxlanıldılsın və çıxışlar olsun. Belə olsa, daha dəqiq olar".
Aytəkin TOFİQQIZI













