Operatorların qohumlarına qadağa qoyulacaq - Nazir müavini
"Kraudfandinq sahəsində maraqların toqquşmasının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə insayder qadağası nəzərdə tutulub."
Redaktor.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında "Kraudfandinq haqqında" qanun layihəsinin müzakirəsi zamanı dedi.
Onun sözlərinə görə, kraudfandinq sahəsində dələduzluğun qarşısının alınması məqsədilə platforma operatorları üçün xüsusi tələblər müəyyənləşdirilir.
"Platformadan istifadə etməklə layihəsinin maliyyələşdirilməsi üçün təklif irəli sürən layihə sahiblərinə dair məhdudiyyətlər müəyyən edilir, investorların müdafiəsi mexanizmləri yaradılır. Maraqların toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq müddəalar qanun layihəsində öz əksini tapıb. Eyni zamanda, Azərbaycan Mərkəzi Bankı tərəfindən davamlı monitorinqin həyata keçirilməsi də qanun layihəsində norma kimi nəzərdə tutulub. Platforma operatorları üçün reyestrdə qeydiyyat tələbləri müəyyən edilir, onların qüsursuz nüfuza malik olması ilə bağlı konkret müddəalar nəzərdə tutulur. Layihə sahiblərinə münasibətdə isə yoxlanılma və şəffaflıq tələbləri irəli sürülür, maliyyə hesabatlarının təqdim edilməsi onların öhdəliyi kimi müəyyənləşdirilir."
Nazir müavini bildirdi ki, "Kraudfandinq haqqında" qanun layihəsində investorların müdafiəsi məqsədilə risklərin açıqlanması, vəsaitlərin qorunması və investisiya limitləri ilə bağlı tələblər də əksini tapıb.
"Maraqların toqquşmasının və sui-istifadənin qarşısının alınması üçün insayder qadağası nəzərdə tutulub. Belə ki, operator, onun əməkdaşları və yaxın qohumları həmin operatorun idarə etdiyi platformada layihə sahibi ola bilməzlər. Bundan əlavə, məhdud iştirak və təşviqat qadağası ilə bağlı müddəalar da layihədə öz əksini tapıb.
Bəs niyə kraudfandinq anlayışında yalnız borc və səhm əsaslı maliyyələşdirmə nəzərdə tutulur, qrant və ya hibrid modellər isə layihəyə daxil edilməyib? Bu məsələ hökumətdə dəfələrlə müzakirə olunub. Azərbaycan hökuməti belə qənaətə gəlib ki, hüquqi tənzimləmə yalnız səhm və borc əsaslı kraudfandinqə şamil edilməlidir. Çünki qrantlarla bağlı münasibətlər artıq "Qrant haqqında" qanunla tənzimlənir və onların kraudfandinq və ya digər formada həyata keçirilməsindən asılı olmayaraq həmin qanunun predmeti hesab olunur. Buna görə də həmin məsələlərin yenidən bu qanun layihəsinə daxil edilməsi məqsədəuyğun sayılmayıb. Səhm və borc əsaslı kraudfandinqin hüquqi tənzimlənməsi isə investorların hüquqlarının qorunmasına və kapital bazarı alətlərinin inkişafına xidmət edir."
NURİYYƏ













