Eyni mənzilin bir neçə nəfərə satılması mümkün olmayacaq - Zahid Orucdan vacib AÇIQLAMA

 13:05 13.07.2026     355

"Azərbaycanda əmlak münasibətlərinin yeni mərhələyə daşınmasını nəzərdə tutan bu islahatın əsas məqsədi dövlət xidmətlərinin şəffaflığını artırmaq, bu sahədə mövcud olan neqativ halların qarşısını almaq, daşınmaz əmlakın qeydiyyatı və kadastr uçotu sahəsində idarəetmə modelini təkmilləşdirməkdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, layihə ilə nəzərdə tutulan əsas dəyişikliklərdən biri daşınmaz əmlakın dövlət kadastrı ilə dövlət reyestri arasında inteqrasiyanın gücləndirilməsidir.

"Yəni, müxtəlif informasiya bazalarında saxlanılan məlumatların vahid sistemdə birləşdirilməsi torpaq sahələrinin sərhədlərinin, hüquqi statusunun və texniki göstəricilərinin daha dəqiq və operativ idarə olunmasına imkan yaradır. Xüsusilə kənd rayonlarında torpaq və əmlak sahələrinin plan-xəritələrindəki uyğunsuzluqlar vətəndaşların dövlət orqanlarına və məhkəmələrə çoxsaylı müraciətlər etməsinə səbəb olur. Yeni qanun layihəsi dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi hesabına vətəndaşın eyni məlumatı müxtəlif qurumlara təkrar təqdim etməsi zərurətini aradan qaldırır.

Layihənin ən mühüm yeniliklərindən biri təminat qeydi institutudur. Sadə dillə desək, layihənin 172-ci maddəsində göstərilir ki, mənzil alan vətəndaş artıq hüququnu binanın tikintisi başa çatdıqdan sonra deyil, müqavilə bağlandığı andan etibarən dövlət reyestrində hüquqi təminat altına ala biləcək. O cümlədən, 172.2-ci maddəyə görə, tikintisi başa çatmamış binada hər bir pay üzrə yalnız bir təminat qeydi aparıla bilər. Yəni eyni mənzilin bir neçə şəxsə satılması riski sıfıra enir. Təminat qeydi üç iş günü müddətində aparılır. Qeyd aparılmış şəxs öz hüquqlarını notarial qaydada başqa şəxsə də ötürə bilər.

Dəyişiklikləri zəruri edən səbəblərdən biri son illərdə 20-dən çox tikinti şirkəti rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi, 5 mindən çox vətəndaşın zərərçəkmiş şəxs kimi tanınmasıdır. Belə hadisələr təkcə ayrı-ayrı ailələrin faciəsi olmaqla kifayətlənmir, həm də bazara olan etimada, dövlət institutlarına inama və vicdanlı tikinti şirkətlərinin nüfuzuna zərbə vurur. Artıq mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi vasitəsilə daha etibarlı şəkildə tənzimlənəcək və sistemdə öz əksini tapacaq.

Nəzərə alsaq ki, tikinti sektoru ÜDM-də 6,5 faiz paya malikdir, layihənin digər mühüm yeniliyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müddətinin 15 iş günündən 1 iş gününə endirilməsidir. Nəticədə vətəndaş günlərlə müxtəlif qurumların qapısını döyməyəcək, sahibkar investisiya layihələrini daha tez reallaşdıracaq, bank və ipoteka əməliyyatları daha operativ aparılacaq, alqı-satqı prosesində vaxt itkisi və rəsmi xərclər minimuma enəcək.

Rəsmi məlumata görə, təkcə 2025-ci ildə ölkə üzrə 334 min 136 dövlət qeydiyyatı əməliyyatı həyata keçirilib. Almaniya, Estoniya və Sinqapur uzun illərdir bu cür modelləri tətbiq edir. Bu da, qeyd olunduğu kimi, rəqəmsallaşma islahatları üçün əlverişli imkanlar yaradır. Çox inanırıq ki, layihə xüsusilə bələdiyyə aktları əsasında verilmiş, lakin hələ də qeydiyyata alınmamış əmlakların hüquqi status qazanmasına da yol açacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən