Deputat "kraudfandinq" sözünü dəyişməyi təklif ETDİ

 13:43 13.07.2026     386

Milli Məclisdə “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı yeni terminlə bağlı təklif irəli sürülüb.

Redaktor.az xəbər verir ki, deputat Hikmət Məmmədov parlamentin bugünkü iclasında çıxışı zamanı “kraudfandinq” sözünün Azərbaycan dilinə yad olduğunu bildirib.

Deputat qeyd edib ki, bu termin dilə tam uyğun deyil və onun əvəzinə daha anlaşılan ifadələrdən istifadə oluna bilər.

“Kraudfandinq termininin özü bir qədər anlaşılan deyil. Dilimizə yaddır. Bu gün dilimiz üzərində təzyiq yaradan əsas vasitələrdən biri də bu terminlərdir. Kraudfandinq sözünün tərcümədən mənası kollektiv maliyyələşdirmə və ya ictimai maliyyələşdirmədir. Əgər mümkündürsə, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt razıdırsa, bunu dəyişərək “Kollektiv maliyyələşdirmə haqqında” və ya “İctimai maliyyələşdirmə haqqında” qanun edək”, - deyə Hikmət Məmmədov bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qanunun adının dəyişdirilməsi təklifinə münasibət bildirib.

Komitə sədri qeyd edib ki, terminlərin milliləşdirilməsi zamanı diqqətli olmaq lazımdır və ifadə qanunun mahiyyətini dəqiq əks etdirməlidir.

“Biz bu adları nə qədər milliləşdirməyə cəhd edəcəyiksə, müəyyən uğursuzluğumuz ola bilər. Gərək bunu tam dəqiq ifadə edək. Təhrif edilmiş adlar bu qanunun mahiyyətini təhrif edə və bizi əsas məqsəddən uzaqlaşdıra bilər”, - deyə Azər Əmiraslanov vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən