"Qarabağdan dalğa-dalğa gələn bu səmimiyyət seli bütün Azərbaycan xalqına sirayət edir" - Deputat

 17:22 13.07.2026     408

Ötən günlərdə Prezident İlham Əliyevin Qarabağ ərazilərinə səfərləri olub. Dövlət başçısının sakinlərlə səmimi görüntüləri sosial şəbəkələrdə müsbət qarşılanıb. Eyni zamanda, Prezident Şuşanın Kiçik Qaladərəsi kəndinin sakinləri ilə görüşdə deyib ki, daha yumruq dövrü olmayacaq, amma kimsə Azərbaycana xor gözlə baxsa, yenə də yumruğumuz yerində olacaq.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a qeyd etdi ki, bu gün hər bir azərbaycanlının ürəyini fəxarət hissi ilə dolduran hadisələr baş verir və hər dəfə işğaldan azad olunmuş ərazilərimizdə bir kəndin, bir qəsəbənin, bir şəhərin yenidən məskunlaşmasını gördükdə biz vətəndaşlarımızın yenidən rifaha qovuşduğunu görürük:

"Biz xalqımızın 30 illik arzusunun reallaşdığını görürük. Məsələ ondadır ki, Azərbaycan Prezidenti az qala hər kəndə, hər şəhərə, hər qəsəbəyə səfər edir, sakinlərlə görüşür və burada çox maraqlı, səmimi bir atmosfer yaranır. Yəni bəzən biz deyirik ki, xalq-hakimiyyət birliyi, xalq-lider birliyi, amma mənə elə gəlir ki, hazırkı vəziyyətdə bu, xalq-Prezident dostluğu, səmimiyyəti səviyyəsinə qalxıb. Nadir hallarda sosiologiyanın nəzəri paradiqmaları baxımından da, praktiki baxımdan da bu, hər hansı bir liderlə onun vətəndaşları arasında yaranan siyasi, sosial formul kimi rast gəlinir. Artıq başqa bir məsələ ondan ibarətdir ki, dövlət başçısının yanında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım görünməyəndə dərhal sakinlər az qala soruşurlar ki, bəs Mehriban xanım haradadır və dərhal ona salam göndərirlər. Elə bil ki, uzun illərdir birinci vitse-prezidentimizin rəfiqələridir və yaxud dostlarıdır. Bu, özlüyündə o qədər qürurverici bir hadisədir ki, əlbəttə ki, Azərbaycan xalqı ilə Azərbaycan Prezidenti arasında çox dərin etimad mühitinin və çox dərin səmimi mühitin yarandığını göstərir".

Millət vəkili vurğuladı ki, Qarabağdan dalğa-dalğa gələn bu səmimiyyət seli isə bütün Azərbaycan xalqına sirayət edir və bu, çox qürurvericidir:

"Xocavənd rayonunun Quzeyxırman kəndində bir nəfər məhdudiyyətlər görmüş, məşəqqətlər görmüş Azərbaycan qadını, bir ana Azərbaycan Prezidentinə dedi ki, siz qəhrəman xalqın qəhrəman oğlusunuz. Mənə elə gəlir ki, bir dövlət başçısı üçün, bir lider üçün verilən ən böyük qiymət, ən böyük mükafat elə budur - xalqının qəhrəman oğlu olmaqdır. Bu isə hər birimizi qürurlandırır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən