"Aeroporta gəlirlər, sonra uçuşun təxirə düşdüyünü öyrənirlər" - Deputatdan sərt İRAD

 11:53 14.07.2026     549

"Demək olar ki, Naxçıvan istiqamətində hava reysləri avtobus reysinə çevrilib. Bilinmir təyyarə nə vaxt gələcək, nə vaxt gedəcək. Sərnişinlər aeroporta gəlirlər və onlara bildirilir ki, uçuş təxirə salınıb. Bilet alırlar, sonra məlum olur ki, uçuş sabaha və ya gələn həftəyə keçirilib".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirdi.

Deputat vurğuladı ki, bunun da müəyyən qaydası və tənzimlənməsi olmalıdır:

"Heç olmasa hər bir vətəndaşa mesaj göndərilsin ki, məsələn, reys 3 saat sonraya təxirə salınıb. Bu həm Bakıdan Naxçıvana gedən sərnişinlərə, həm də Naxçıvandan Bakıya gələn sərnişinlərə aid edilməlidir. İnsanlar əvvəlcədən məlumatlı olsunlar ki, həmin vaxta qədər evdən çıxmasınlar və ya aeroporta gəlib saatlarla gözləməsinlər. Vətəndaşlar saatlarla gözləməli olurlar. Baxırsan, aralarında uşaqlı ailələr, yaşlı və xəstə insanlar da var. Aeroporta gəlirlər, sonra məlum olur ki, uçuş sabaha keçirilib. Yaxud da deyirlər ki, təyyarə 3 saatdan sonra gələcək. Nəticədə sərnişin ya aeroportun gözləmə zalında 3 saat vaxt keçirməli olur, ya da gecikmə ehtimalını nəzərə alaraq həm yolda, həm də aeroportda uzun müddət gözləyir və nəticədə uçuşunu 5-6 saat gec həyata keçirir. Bu baxımdan aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələ ilə ciddi məşğul olsunlar. Problemin səbəblərini araşdırsınlar və aradan qaldırılması üçün müvafiq tədbirlər görsünlər. İnsanlar bu reyslərlə bağlı yaranan vəziyyəti başa düşmür və ciddi narazılıq yaşayırlar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən