Ermənistanda Azərbaycan dilinə maraq artır? - Deputatdan AÇIQLAMA
Ermənistan KİV-nin məlumatına görə, ölkədə müstəqil öyrənmə üçün Azərbaycan dili dərslikləri təqdim olunub. Qeyd olunur ki, dərsliklər Azərbaycan dili ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub və ümumi orta məktəblərdə də istifadə edilə bilər.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistanda Azərbaycan dili üzrə dərsliklərin hazırlanması və təqdim edilməsi, ilk növbədə, praqmatik yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər:
"Son illərdə regionda yaranan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan dili təkcə Azərbaycanın dövlət dili deyil, həm də iqtisadi, nəqliyyat, logistika və regional kommunikasiyalar baxımından əhəmiyyət qazanan dillərdən birinə çevrilir. Əgər bu təşəbbüs həqiqətən də geniş tətbiq olunarsa, Azərbaycan dilinin gələcəkdə Cənubi Qafqazda ünsiyyət və əməkdaşlıq vasitələrindən birinə çevrilməsi ehtimalını artıran amillərdən biri kimi qiymətləndirilə bilər. Çünki regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın dərinləşməsi və insanlar arasında təmasların artması ortaq ünsiyyət vasitələrinə olan tələbatı da artırır".
Millət vəkilinin sözlərinə görə, eyni zamanda bu addımı hələlik siyasi dönüş kimi deyil, daha çox praktik ehtiyacdan irəli gələn təşəbbüs kimi dəyərləndirmək lazımdır:
"Bunun davamlı tendensiyaya çevrilib-çevrilməyəcəyini isə zaman göstərəcək. Lakin istənilən halda, Azərbaycan dilinin öyrənilməsinə marağın yaranması ölkənin regiondakı siyasi, iqtisadi və diplomatik çəkisinin artmasının göstəricilərindən biri hesab oluna bilər".
Aytəkin TOFİQQIZI













