Deputatdan jurnalistlərə: "Çiyinlərinizdə ağır, amma şərəfli yük var"
"Bu gün Azərbaycan mətbuatı özünün 151 illik yubileyini qeyd edir. Əlbəttə ki, əsr yarımdan çox davam edən bu yol şərəfli bir yol olub. Bu yol bəzən məhdudiyyətlərlə, bəzən isə mükafatlarla yadda qalıb. Bizə miras qalan klassik media ənənələrini bu gün də Azərbaycan jurnalistikası böyük fədakarlıqla davam etdirir".
Bu fikirləri Redaktor.az-a deputat Hikmət Babaoğlu 22 İyul - Milli Mətbuat Günü ilə bağlı danışarkən səsləndirdi.
O qeyd etdi ki, bugünkü jurnalistika həm dünənkindən asandır, həm də qat-qat çətindir:
"Asandır ona görə ki, bu gün müstəqil dövlətimiz var. Azərbaycan jurnalistikası dövlətin və cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunub. Jurnalistlərin fədakar əməyi, intellektual zəhməti Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Ancaq çətindir ona görə ki, bu gün jurnalistikanın klassik funksiyaları artıq onun fəaliyyətinin yalnız kiçik bir hissəsini təşkil edir. Çünki informasiya artıq olduqca mühüm və təsirli vasitəyə çevrilib. Biz bu gün milli təhlükəsizliyimizlə yanaşı, informasiya təhlükəsizliyindən də danışırıq. Real vətənimizlə bərabər, informasiya vətənimizdən də bəhs edirik".
Millət vəkili əlavə etdi ki, hər bir jurnalist əlində qələmi ilə vətənin müdafiəçisi, informasiya savaşının ön cəbhəsində dayanan bir əsgərdir:
"Bu gün informasiya sadəcə məlumat deyil, hətta məlumatın ali forması da deyil. İnformasiya müxtəlif psixoloji və manipulyativ yüklər daşıyan, fərqli təyinatlara xidmət edən, bəzən dağıdıcı, bəzən isə birləşdirici gücə malik bir alətə çevrilib".
H.Babaoğlu media mənsublarından bir şeyi gözləyir:
"Onlar bu informasiya xaosunda, informasiya müharibəsi şəraitində əsl peşəkarlıq və vətənpərvərlik nümayiş etdirməyi bacarsınlar. Sevindirici haldır ki, Azərbaycan mediası bunu böyük ölçüdə bacarır və bu, çox qiymətlidir. Bu gün jurnalistlərdən daha dərin bilik, daha iti zəka, yüksək intellektual qabiliyyət və güclü analitik təhlil bacarığı tələb olunur. Mənim izlədiyim Azərbaycan mediası bu məsuliyyətin öhdəsindən gəlməyi bacarır.
Xüsusilə yeni nəsil jurnalistlərimizin hələ tam bərkiməmiş çiyinlərinə düşən bu ağır yükü Azərbaycan mediası və mətbuatı layiqincə daşıyır. Mən onlara bu fədakar və şərəfli peşələrində uğurlar arzulayıram, Azərbaycan mətbuatının inkişafı naminə göstərdikləri zəhməti yüksək qiymətləndirirəm".
Xədicə BAXIŞLI













