Bəxtiyar Nəbiyev Azərbaycan mediasının tarixi rolundan danışdı
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir keçirilir.
Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edənlər sırasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də var.
O, çıxışında Azərbaycan mətbuatının dövlətçilik tarixindəki mühüm rolundan bəhs edib:
"Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə olduğu kimi, milli mətbuatın inkişafında da yeni mərhələnin əsasını qoyub".
B.Nəbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyub. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək ölkənin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, dezinformasiyaya qarşı mübarizəyə və tarixi Zəfərin salnaməsinin yaradılmasına mühüm töhfə verib. Sonda Bəxtiyar Nəbiyev media nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Aytəkin TOFİQQIZI













