"Arzum" yenidən həbs edilə bilər? - AÇIQLAMA

 13:55 24.07.2026     1449

Sosial şəbəkələrdə "Arzum 9999" kimi tanınan İlduzə Hacıyeva iyulun 2-də bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdu. İyulun 22-də keçirilən apellyasiya məhkəməsinin qərarı ilə isə o, ev dustaqlığına buraxılıb. İş üzrə araşdırmalar davam edir və apellyasiya baxışı növbəti məhkəmə iclaslarında davam etdiriləcək.

Bəs təqsirləndirilən şəxs hansı hallarda tamamilə azadlığa buraxıla bilər? İlduzə Hacıyevanın yenidən həbs edilməsi mümkündürmü?

Redaktor.az-a açıqlamasında vəkil Roman Qaraşov bildirdi ki, İlduzə Hacıyevanın apellyasiya instansiyası tərəfindən ev dustaqlığına buraxılması onun bəraət alması, cinayət məsuliyyətindən azad edilməsi və ya barəsində çıxarılmış hökmün ləğv edilməsi kimi qiymətləndirilə bilməz.

Onun sözlərinə görə, burada söhbət yalnız tətbiq edilmiş qətimkan tədbirinin dəyişdirilməsindən gedir:

"Qətimkan tədbiri şəxsin məhkəmə araşdırması dövründə prosessual davranışını təmin etməyə xidmət edən prosessual hüquq institutudur, hökm əsasında təyin edilən cəza isə cinayət hüququnun ayrıca institutudur və bunların hüquqi mahiyyəti tamamilə fərqlidir. Apellyasiya məhkəməsinin səlahiyyətləri kifayət qədər genişdir. Məhkəmə iş üzrə bütün sübutları yenidən araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirə, cəzanı yüngülləşdirə, şərti məhkumetmə tətbiq edə, hökmü ləğv edib yeni hökm çıxara və hətta şəxsin təqsiri sübuta yetirilmədiyi qənaətinə gələrsə, bəraət hökmü də qəbul edə bilər. Eyni zamanda, apellyasiya instansiyası birinci instansiyanın gəldiyi nəticəni qanuni və əsaslı hesab edərsə, hökmü qüvvədə də saxlaya bilər.

Qanunvericilik baxımından ehtiyatsızlıqdan törədilmiş cinayətlər üzrə, xüsusilə sanksiyası beş ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulan hallarda, məhkəmə işin konkret hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, davranışını, ziyanın ödənilib-ödənilməməsini, zərərçəkmiş tərəfin mövqeyini və digər yüngülləşdirici halları nəzərə alaraq cəzanın növü və icra qaydası ilə bağlı müxtəlif hüquqi qərarlar qəbul edə bilər. Bu baxımdan nə real azadlıqdan məhrumetmə, nə də daha yüngül hüquqi nəticələr hazırkı mərhələdə istisna edilə bilməz".

Müsahibimiz İlduzə Hacıyevanın yenidən həbs edilib-edilməyəcəyi ehtimalından da danışdı:

"İlduzə Hacıyevanın yenidən həbs olunması da hüquqi baxımdan mümkündür. Əgər o, ev dustaqlığının şərtlərini pozarsa, məhkəmədən yayınmaq, sübutlara və ya proses iştirakçılarına qanunsuz təsir göstərmək riski yaranarsa və ya Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar mövcud olarsa, prokurorun vəsatəti əsasında məhkəmə qətimkan tədbirini yenidən həbs ilə əvəz edə bilər.

Nəticə etibarilə, cəmiyyətdə formalaşan "ev dustaqlığına buraxıldısa, artıq azaddır" və ya əksinə, "mütləq yenidən həbs ediləcək" kimi yanaşmalar hüquqi baxımdan düzgün deyil. Məhkəmə prosesi davam edir və iş üzrə yekun hüquqi nəticə yalnız apellyasiya instansiyasının qəbul edəcəyi qərarla müəyyən olunacaq. Həmin qərar isə məhkəmədə araşdırılan sübutların məcmusundan, tərəflərin hüquqi mövqelərindən və qanunun tələblərinin tətbiqindən asılı olacaq. Hüquqi dövlət prinsipinin əsas tələblərindən biri də məhz budur ki, yekun məhkəmə aktı qəbul edilmədən hər hansı nəticəyə qəti şəkildə gəlmək düzgün hesab olunmur.

Roman Qaraşovun sözlərinə görə, bununla yanaşı, nəzərə almaq lazımdır ki, apellyasiya instansiyasının qəbul edəcəyi qərar da son və dəyişdirilməsi mümkün olmayan məhkəmə aktı hesab edilmir:

"Tərəflər qanunda nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda həmin qərardan kassasiya qaydasında şikayət vermək hüququna malikdirlər. Kassasiya instansiyası apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmədiyini yoxlayaraq qərarı qüvvədə saxlaya, dəyişdirə, ləğv edə və işin yenidən baxılması üçün müvafiq məhkəməyə göndərə bilər. Bu səbəbdən hüquqi proses yalnız apellyasiya mərhələsi ilə yekunlaşmır və iş üzrə qəti hüquqi nəticə məhkəmə aktlarının qanuni qüvvəyə minməsindən sonra formalaşır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən