"Ağlımıza gəlməyən yuxu gerçək oldu" - Xocalıya qayıdan sakin

 19:08 24.07.2026     1885

Bu gün Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayona ümumilikdə 53 ailə, yəni 202 nəfər qayıdıb.

Redaktor.az-ın əməkdaşı Xocalıya qayıdan Arif Zeynalovla həmsöhbət olub.

O bildirib ki, doğma yurduna qayıtmağın sevincini sözlə ifadə etmək çətindir:

"Xocalı rayonunun Ballıca kəndində yaşayırıq. Ağlımıza, xəyalımıza gəlməyəcək bir yuxu gerçək oldu. Şükür bu günümüzə. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin, prezidentimizin canı sağ olsun. Şükür, bizə firavan, azad və müstəqil yaşamağı nəsib etdi.

Bu gün Xocalıda hər şey öz axarına qayıdıb. Elimizə, obamıza qayıtmışıq. Bugünkü günümüzə min şükür. Qarabağa qayıtmağı çox istəyirdik. 2020-ci ildə, şükür, bu yuxu gerçək oldu. Arzularımız həyata keçdi. Bu sevinci sözlə ifadə etmək bəzən çox çətin olur, heç nəyə dəyişmək mümkün deyil".

A.Zeynalov keçmiş məcburi köçkünlərin hər birinə doğma torpaqlarında yaşamağı arzuladı:

"Allah hər kəsə Qarabağda yaşamağı nəsib etsin. Azərbaycanın hər bir guşəsi gözəldir. Şimalından Qərbinə, Şərqinə qədər hər yeri gözəldir. Amma Qarabağ torpağı tamam başqadır. Bu torpaq şəhidlərimizin qanı bahasına azad olunub. Ordumuzun gücü və dövlətimizin iradəsi nəticəsində, şükür Allaha, biz bu gün Qarabağdayıq”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən