"Adamlar elə bilir ki, hökumət gəlib həyəti də süpürməlidir" - Xocalıya köçən jurnalist

 18:25 24.07.2026     942

Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanı yola salınıb. "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurdlarına qayıdan ailələr uzun illər davam edən məcburi köçkünlük həyatından sonra yeni evlərində məskunlaşırlar. Doğma torpağa qayıdan sakinlər bu günü həm böyük sevinc, həm də illərlə həsrətini çəkdikləri yurdla qovuşmanın yaratdığı kövrək hisslərlə qarşılayırlar.

Xocalıya köçən sakinlərdən biri, uzun illər media sahəsində çalışmış Mübariz Qənahət oğlu Hacılı da təəssüratlarını Redaktor.az-la bölüşdü. O bildirdi ki, doğma yurda qayıtmaq onun ailəsi üçün həyatlarının ən əlamətdar günlərindən biridir.

"Xocalı ətrafına köçmək daha əlamətdar, həssas, duyğulandırıcıdır. Bura gələnə qədər Xətai rayonunda bacımın evində köçkün kimi qalmışam. Ailəmlə birlikdə Xocalıya qayıtmışam. Bizim ata evimiz Xocalının Qaladərəsi məhəlləsindədir. Orada hələ ki, tikinti işləri aparılır. Ən gözəli odur ki, bu evin pəncərəsindən o evimizin xarabalıqları görsənir. Ona görə də biz qərar verdik ki, ailə üzvlərimizlə köçək. Çünki artıq vaxt gedir, hər gün darıxırdıq, gəlirdik, gələndə qalmağa yerimiz olmurdu. Həm də bizim ailə 5 nəfərdir, demək olar ki, Azərbaycanın bu günü üçün çoxuşaqlı ailə sayılır. Ona görə də həmişə marağımda olub ki, gələndə dostlar, qohumlar qonaq kimi bizim evə gəlsinlər. İndi isə demək olar ki, arzularımız reallaşdı.

İndi siz mənə zəng edəndə mən hamamda asılqan, pilləkən düzəldib, həyəti təmizləyirdim. Ailə üzvlərim, bacılarım da bizdədir, yoldaşım, mən – hamımız burada işləyirik. Amma adamlar elə fikirləşirlər ki, ev verildisə, hökumət gəlib qapılarını süpürməlidir. Əslində, qanunvericilikdə bu barədə var. Amma bu ev sənə verilibsə, artıq sənindir. Bu həyəti sən düzəltməlisən. Şirkətlər gəlib bizdən vəziyyəti soruşurlar. Deyirəm: “Qardaş, bizə yüksək məbləğdə, qiyməti olan ev vermisiniz”. Mən də əlavə durum, nə isə sənə deyim, bunun yeri yoxdur axı. Mən iş qabiliyyətim olan adamam. Bacardığım işin qulpundan tutsam, nə olar ki? Qarabağla bağlı şikayət danışanda qonşu Ermənistan görür özü də. Adamlar şikayət etməmiş götürüb "TikTok"a neçə dənə video yükləyir. Uzun illər beynəlxalq kanalda işləmişəm, eyni zamanda hər şeyin ədəbi var. Hansısa saytdan narazıyamsa, rəhbərliklə danışacağam, sonra deyəcəyəm ki, məni incidiblər. Mətbuatı ki, bloqerin qarşısına verdilər, onda bu problemlər yarandı. İnsanlar da elə bildilər ki, bloqerlik etmək asandır. Amma başa düşmürlər ki, bloqerlik etməyin də, şikayət etməyin də bir qaydası var. Hər şey qaydasında gözəldir".

Müsahibimiz qeyd etdi ki, məskunlaşdıqları evlərdə yaradılan şəraitdən razıdır.

"Divar kağızı çəkiblər, elə gözəl naxışları var. İndi bu gün, sabah mənə ürəyim istəyər, onu sökərəm, 50 manatlıq divar kağızı vuraram. Hətta mən gələndə fikirləşirdim ki, qaz sobası almalıyam və s. digər şeylər. Mən gəldim, baxdım, hər şeyi qoyublar".

Mübariz Hacılı çalışdığı media qurumları barədə də məlumat verdi:

"Əvvəl "Trend" agentliyində işləmişəm. Ondan qabaq, lap gənc yaşlarımda “İslahat” qəzetində işləmişəm. Həmişə də şikayətlərlə bağlı işləmişəm. Həmişə də araşdırıb, hər iki tərəfi dinləyib cavab almışam. "Space"də də fəaliyyət göstərmişəm. Mən işləyirdim və ədaləti gözləyirdim. Sadəcə, o vaxt belə şey yox idi ki, şou edək, məni adamlar tanısın. Yəni indi nə olsa, insanlar şouya çevirir".

Onun sözlərinə görə, Xocalıda şərait də gözəldir:

"Bu qəsəbədə ən çox sevdiyim şey həyətyanı sahənin olmasıdır. Burada hazır 10-15 sot həyətyanı sahə var. Sabah mən, məsələn, təsərrüfatla məşğul ola bilərəm, heyvandarlıqla məşğul ola bilərəm. Yəni yaxşı tərəfdən yanaşsaq məsələyə, hər şey yaxşıdır. Gözəldir, xoşdur. İkincisi, Qarabağın Xocalı ərazisinə, Xocalıya yaxın ərazidə yaşamaq mənim üçün qürurdur. Mən elə hesab edirəm ki, bu gün atamın da, anamın da o ruhları şaddır ki, biz Xocalıya qayıtmışıq. Həm də ki, mən həmişə atama deyirdim ki, Qarabağ alınacaq. Amma mən həmişə deyəndə deyirdim ki, Xankəndi mümkün deyil. Amma bu gün bizim dövlətimiz, prezidentimiz onu elədi.

Mən indi, hal-hazırda, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin baş prodüseri vəzifəsində işləyirəm. “Telekompaniya Mir” eyni zamanda Azərbaycanda da yayımlanır. Kanal Ermənistanda da açıq yayımdadır. Biz 2020-ci ilə qədər "Facebook"da da belə aktiv deyildik, icazə yox idi. Qarabağ alınandan sonra mən bir az çərçivədən çıxdım. Müstəqilliyimizin bu günləri bir az maaşımız azala bilər, çətinliklərimiz, sosial sahədə hansısa problemlərimiz ola bilər. Onlar düzələr. Amma müstəqil olmaq, müstəqil sözün, rusla yan-yana oturanda onun qoltuğu altında qorunmamaq başqa bir hissdir".

Mübariz Hacılı bildirdi ki, köçürülən ailələrə təqdim olunan evlərlə yaxından tanış olmaq üçün qəsəbədə bir neçə evi də gəzib.

"Onunda da, demək olar, şərait yaxşıdır. Amma bəzi evlər var ki, balacadır. Amma bir məsələ də var ki, buradakı şirkətlərin bəziləri məsuliyyətsizdir. Bəlkə mənim bəxtimə yaxşısı düşüb. Amma kim istəyirsə, mənim qonağım da ola bilər, gəlib-getmək xərclərini də qarşılaya bilərəm. Mən təklif eləmişəm, "Facebook"da da paylaşmışam, gəlsinlər baxsınlar".

Aytəkin TOFİQQIZI

2222
Vumart və Güvən reklamı Vumart Güvən