"Space" TV-dən qalmaqallı açıqlama: "Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür"
"Space" TV Müstəqil Televiziya və Radio Şirkəti bəzi media orqanlarında kanalın bank hesablarına həbs qoyulması ilə bağlı yayılan məlumatlara rəsmi münasibət açıqlayıb.
Redaktor.az-ın məlumatına görə, televiziyanın yaydığı açıqlamada bildirilir ki, sözügedən 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranıb.
Açıqlamada qeyd olunur ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da həyata keçirilib:
"Bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə formalaşmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmışdır. Belə ki, banka ən son ödəniş 2024-cü il yanvar ayının 19-da həyata keçirilmişdir".
"Space" TV yaranmış vəziyyətə görə məsuliyyətin əvvəlki rəhbərliyin üzərinə düşdüyünü bildirib:
"Bu öhdəliklərin vaxtında icra edilməməsinə görə bütün məsuliyyət 2023-cü ilin fevral ayından "Space" TV-yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür".
Rəsmi açıqlamada həmçinin keçmiş baş direktor Vado Korovin və o vaxtkı icraçı direktor Nəriman Abdul-Əliyevin rəhbərliyi dövründə kanalda idarəetmə, maliyyə intizamı və texniki təminat sahəsində ciddi problemlərin yarandığı iddia edilir.
Bildirilib ki, həmin dövrlə bağlı maliyyə və təsərrüfat pozuntuları araşdırılır:
"Qeyd olunan dövrlər üzrə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsinə uyğun olaraq qanunvericiliyin nəzərdə tutduğu bütün hüquqi addımlar atılacaqdır."
"Space" TV məhkəmənin qərarının kanalın fəaliyyətini məhdudlaşdırmadığını da vurğulayıb:
"Məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir və qərarın özündə də qeyd olunduğu kimi, bu tədbir əməkhaqqılarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Space TV normal fəaliyyətini davam etdirir".
Açıqlamaya əsasən, hazırda kanalda genişmiqyaslı islahatlar həyata keçirilir. Məlumata görə, 15 xidməti avtomobil əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb, yeni pavilyonlar qurulub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılıb, yeni televiziya layihələri hazırlanıb və peşəkar kadrlar işə qəbul olunub.
Televiziya rəhbərliyi bildirib ki, sentyabr ayından etibarən tamaşaçılara yeni layihələr və yeni simalar təqdim olunacaq:
"Məqsədimiz "Space" TV-ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə buraxılmış ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirməkdir".
Açıqlamanın sonunda qeyd olunur ki, əvvəlki dövrdən qalan bütün maliyyə və hüquqi problemlərin qanun çərçivəsində həll ediləcəyinə, həyata keçirilən islahatların isə kanalın inkişafını təmin edəcəyinə əminlik ifadə olunur.













