Xocalıya qayıdan sakin: "Öz yurdumuz çox gözəldir"

 19:38 24.07.2026     1086

Xocalıya qayıdan sakinlərin sevinci sözlə ifadə olunacaq kimi deyil. Doğma yurdlarına uzun illərdən sonra qovuşan sakinlər bu günü ömürlərinin ən xoşbəxt anlarından biri kimi dəyərləndirirlər.

Xocalı rayonunun Seyidbəyli kəndinə köçən sakin, 1969-cu il təvəllüdlü Nailə Şirinova Redaktor.az-a açıqlamasında uzun illərdən sonra doğma torpaqlarına qayıtmağın ən böyük arzuları olduğunu bildirdi:

"Biz çox sevincliyik. Xocalı rayonunun Seyidbəyli kəndinə qayıtmışıq. Bu vaxta qədər Bakıda yaşayırdım. Qardaş-bacılarım Bərdə və Tərtər bölgəsində yaşayırdı. Allahın köməkliyi ilə onlar da bura köçəcəklər. Bu gün qardaşlarımdan biri artıq köçüb.

Öz vətənimiz, öz yurdumuz çox gözəldir. Təbiəti füsunkardır. Doğma torpağımıza qayıtdığımız üçün sonsuz sevinc hissi keçiririk.

Bizi doğma torpaqlarımıza qaytardığı üçün cənab prezidentə təşəkkür edirik. Allah ona can sağlığı versin.

Mən şəhid övladıyam. Atam şəhid olub, anam Xocalıda əsir düşüb, qardaşlarım yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Məhz şəhidlərimizin və qazilərimizin fədakarlığı sayəsində bu gün öz torpaqlarımıza qayıtmışıq. Çox xoşbəxtik, çox şadıq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən