Deputat informasiyaya nəzarətlə bağlı yeni qərardan DANIŞDI
Məlumat verdiyimiz kimi, Azərbaycanda “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sistemi yaradılacaq.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu gün informasiya qiymətli məzmuna malik çox strateji bir məhsuldur:
"İnformasiya həm hərbi-siyasi təhlükəsizlik baxımından, həm iqtisadi təhlükəsizlik baxımından, həm də cəmiyyətin idarə olunması baxımından o qədər əhəmiyyətli bir faktora çevrilib ki, onun əldə edilməsi də çətinləşib, amma onun qorunması ondan daha da çətinləşib. Çünki hər hansı bir informasiyaya başqalarının əlinin çatması bu informasiyanı artıq strateji məzmun olmaqdan çıxardır, strateji komponent olmaqdan çıxardır və o informasiya əsasında qurulacaq strateji gələcəyi bir millətin və ya dövlətin əlindən almış olur".
Millət vəkili düşünür ki, hər bir vasitə ilə informasiyanın əldə edildiyi bir dövrdə milli maraqlarımız və təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edən informasiyaların yayılmasının qadağan edilməsi olduqca vacib qərardır. Onun sözlərinə görə, bu informasiyaların qorunması ilə bağlı nəzarətin müəyyənləşdirilməsi milli təhlükəsizliyimizə və hərbi-siyasi təhlükəsizliyimizə böyük töhfə verə bilər.
Aytəkin TOFİQQIZI













