Xəzər Günü: Dənizin qorunması niyə strateji əhəmiyyət daşıyır?
"12 avqust Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. Bu tarix Xəzərin təbii sərvətlərinin qorunmasına, unikal ekosisteminin gələcək nəsillərə sağlam şəkildə ötürülməsinə və Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsinə diqqəti artıran mühüm beynəlxalq gündür. Xəzər dənizinin dəniz mühitinin mühafizəsinə dair Tehran Konvensiyasının 12 avqust 2006-cı ildə qüvvəyə minməsi bu tarixin siyasi və hüquqi mahiyyətini daha da gücləndirir. 2026-cı il həmin mühüm sənədin qüvvəyə minməsinin 20 illiyinə təsadüf edir".
Bu fikirləri Redaktor.az-a danışan deputat Rövşən Muradov bildirdi.
Millət vəkili vurğuladı ki, Azərbaycan üçün Xəzər coğrafi məkan anlayışından daha geniş məna daşıyır:
"Xəzər ölkənin iqtisadi tarixinin, enerji siyasətinin, nəqliyyat imkanlarının, dənizçilik ənənələrinin və regional mövqeyinin mühüm tərkib hissəsidir. Azərbaycanın müasir dövlətçilik tarixində Xəzərin xüsusi yeri vardır. Bakı neft sənayesinin inkişafı ilə dünya enerji xəritəsində mühüm mövqe qazanıb, Xəzərin enerji potensialı isə müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından birinə çevrilib. Bu dəniz Azərbaycanın enerji strategiyasının coğrafi bazası olmaqla yanaşı, ölkənin Avrasiya nəqliyyat sistemindəki rolunu da genişləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın Şərqlə Qərb arasında artan logistika əhəmiyyətini nümayiş etdirir. Beləliklə, Xəzər Azərbaycanın enerji və nəqliyyat strategiyalarının kəsişdiyi mühüm geoiqtisadi məkan kimi çıxış edir.
Xəzərin mahiyyəti enerji resursları ilə məhdudlaşmır. Dənizin ekosistemi çoxsaylı canlı növlərinin yaşayış məkanıdır. Xəzər suitisi, nərə balıqları və digər su canlıları regionun bioloji müxtəlifliyinin mühüm hissəsini təşkil edir. Bu səbəbdən Xəzərin ekoloji vəziyyəti Azərbaycanın biomüxtəlifliyinin, sahilyanı ərazilərinin və təbii sərvətlərinin gələcəyi ilə birbaşa bağlıdır. Hazırda Xəzərin qarşısında duran ən ciddi problemlərdən biri su səviyyəsinin uzunmüddətli azalmasıdır. İqlim dəyişmələri, yağıntı rejiminin dəyişməsi, çay axınlarının azalması və buxarlanmanın artması Xəzərin hidroloji balansına ciddi təsir göstərir. Su səviyyəsinin aşağı düşməsi sahil ekosistemlərinin dəyişməsinə, liman infrastrukturunun fəaliyyətinə, balıq ehtiyatlarına və sahilyanı iqtisadi fəaliyyətə yeni tələblər yaradır".

Onun sözlərinə görə, Azərbaycanın bu məsələyə münasibəti ekoloji məsuliyyətlə strateji dövlət maraqlarının uzlaşdırılmasına əsaslanır. Ölkənin beynəlxalq iqlim gündəliyində fəal mövqeyi, COP29 sədrliyi dövründə iqlim dəyişmələrinin nəticələrinə diqqətin artırılması və Xəzərin problemlərinin beynəlxalq müzakirələrə çıxarılması bu siyasətin mühüm istiqamətləridir.
"Xəzərin qorunması həm də gələcək iqtisadi inkişafın keyfiyyət məsələsidir. Yaşıl enerji, ekoloji texnologiyalar, su ehtiyatlarının səmərəli idarə olunması, sahilyanı ərazilərin dayanıqlı inkişafı və dəniz ekosistemlərinin bərpası Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında daha böyük əhəmiyyət qazanır. Xəzər Günü bu baxımdan xüsusi mesaj daşıyır. Xəzər Azərbaycanın təbii sərvəti, iqtisadi imkanlarının mühüm dayağı, enerji siyasətinin əsas coğrafiyalarından biri və milli strateji maraqların mühüm komponentidir. Onun qorunması yalnız ekoloji məsuliyyət məsələsi kimi qiymətləndirilə bilməz. Bu, Azərbaycanın iqtisadi təhlükəsizliyi, ekoloji dayanıqlılığı, sahilyanı ərazilərinin gələcəyi və gələcək nəsillərə münasibətdə dövlət məsuliyyətinin mühüm göstəricisidir. Xəzəri qorumaq Azərbaycanın təbiətini qorumaqla yanaşı, onun tarixini, iqtisadi potensialını və gələcək inkişaf imkanlarını qorumaqdır. Buna görə 12 avqust yalnız Xəzərə həsr olunmuş tarix kimi deyil, Azərbaycanın öz təbii sərvətləri ilə gələcəyə münasibətini ifadə edən mühüm ekoloji və strateji yaddaş günü kimi qiymətləndirilməlidir", - deyə müsahibimiz sonlandırdı.
Mövzu haqqında Redaktor.az-a danışan ekoloq Amin Məmmədov da bildirdi ki, Xəzər dənizinin əhəmiyyəti, ümumiyyətlə, onun dünya miqyasında ən böyük göl olduğunu nəzərə alsaq, dünya ictimaiyyəti üçün vacib məsələdir və onun qorunması hər zaman xüsusi əhəmiyyət daşıyıb:
"Bundan başqa, Xəzər dənizinin mühüm xüsusiyyətlərindən biri də biomüxtəlifliyidir. Yəni burada zəngin təbii ehtiyatlar mövcuddur. Bütün dünyada məşhur olan nərəkimilər fəsiləsinə aid balıqların Xəzərdə yaşaması bu hövzəni mühüm strateji əraziyə çevirir. Bununla yanaşı, Xəzər dənizinin dibində olan karbohidrogen ehtiyatlarını, yəni neft və qaz ehtiyatlarını nəzərə alsaq, Xəzər Xəzəryanı ölkələrin iqtisadiyyatı üçün çox vacib və əhəmiyyətli hövzədir. Bütün bunları nəzərə alaraq, Xəzər dənizinin qorunması artıq BMT çərçivəsində də vacib prioritetlərdən biri kimi qəbul edilib. Burada vacib məqam ondan ibarətdir ki, Xəzərin qorunmasının əsas üsullarından biri, əlbəttə ki, Xəzəryanı dövlətlərin bu məsələdə birlikdə əməkdaşlıq etməsi və Xəzəri birgə qorumasıdır. Yəni Xəzər dənizinin qorunması üçün əməkdaşlığın gücləndirilməsi vacibdir.

Ona görə də Xəzər dənizinin ətraf mühitinin mühafizəsi ilk növbədə ən vacib prioritetlərdən biridir, istər beş Xəzəryanı ölkə, istərsə də dünya ictimaiyyəti və hər bir Xəzəryanı ölkə üçün. Məlum olduğu kimi, Xəzərin su ehtiyatlarını əsasən Volqa çayı təmin edir. Volqa çayı da Rusiya Federasiyasının ərazisindən keçir. Volqa çayının suyunun düzgün idarə olunması çox vacibdir ki, Xəzər dənizinin səviyyəsi həddindən artıq aşağı düşməsin və burada kifayət qədər su ehtiyatı olsun. Həmçinin digər Xəzəryanı ölkələr də Xəzərə axan çayları qorumalı, onların çirklənməsinin qarşısını almalıdırlar ki, nəticədə bu çirklənmə Xəzər dənizinə mənfi təsir göstərməsin. Ümumilikdə, bu məsələləri qeyd etmək olar. Bununla bağlı beynəlxalq konvensiyalar da mövcuddur. Məsələn, Xəzərlə bağlı əsas sənədlərdən biri 2006-cı ildə qüvvəyə minən Tehran Konvensiyasıdır. Bundan başqa, 2018-ci ildə qəbul edilən Aktau Konvensiyası da mövcuddur. Bu konvensiya və razılaşmalar əsasında Xəzəryanı ölkələrin hər biri Xəzərin qorunması ilə bağlı öz üzərinə müəyyən öhdəliklər götürüb, həmin öhdəlikləri yerinə yetirir və bu istiqamətdə bir-biri ilə əməkdaşlıq edir".
NURİYYƏ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.














