“Müştəri xidmətləri heç bir müraciətə baxmır” - "AZnet" internet xidmətindən NARAZILIQ
Vətəndaş "AZnet" internet provayderinin xidmətindən narazı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.
Şikayətçinin sözlərinə görə, provayderin müştəri xidmətləri sosial şəbəkələr üzərindən daxil olan müraciətlərə vaxtında cavab vermir. O qeyd edib ki, internetdə yaranan problemlər uzun müddət davam edir və bəzən 2-3 saat ərzində xidmət bərpa olunmur.
“Müştəri xidmətləri sıfırdır. "Facebook", "Instagram", "WhatsApp" heç birində müraciətlərə baxılmır. İnternetin vəziyyəti isə göz qabağındadır. Bəzən internet gedir, 2-3 saat ərzində olmur. Bu müddətdə müştəri xidmətləri də müraciətə baxmır. İnternet gəldikdən sonra isə yazırlar ki, "probleminiz nədir?’”, – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, daha əvvəl yaranan problemlə bağlı provayder tərəfindən onunla əlaqə saxlanılıb və problemin bir daha təkrarlanmayacağı bildirilib.
“Zəng elədilər, dedilər ki, bir daha belə problem olmayacaq, "inanın, güvənin" dedilər. Mən də inandım. Amma nəticə yenə eyni oldu”, – deyə vətəndaş qeyd edib.
Şikayətçi internet xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasını və müştəri müraciətlərinə daha operativ şəkildə baxılmasını istəyir.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NURİYYƏ















